Əməviləri əvəz edən Abbasilər sülaləsi (750—1258) işğalçılıq siyasətini davam etdirdi. Paytaxtı Bağdada köçürən Abbasilər tarixdə Bağdad xilafəti kimi tanındı. Onların dövründə əhalinin geniş çıxışları başladı. Bu üsyanlardan ən böyüyü Azərbaycanda baş vermiş xürrəmilər hərəkatı idi. Bu hərəkat Azərbaycanın xalq qəhrəmanı Babəkin dövründə Xilafəti zəiflədərək gücdən salan milli azadlıq hərəkatı idi.

İşğal olunmuş ərazilərdə Ərəb xilafətinə qarşı çıxışların səbəbləri nə idi?

Xilafətin idarə edilməsi. Dövlətin başçısı olan xəlifə həm də ali baş komandan idi. Ölkədə ayrı-ayrı sahələri idarə etmək üçün divanlar yaradılmışdı. Xilafət ərazisi əmirlər tərəfindən idarə olunan vilayətlərə bölünürdü. Bütün ərazilərdə rəsmi danışıq və yazı dili ərəb dili idi. Vergi ödəməyə borclu olan şəxslərdən vergi alınırdı. Varlılar daha çox vergi ödəməyə məcbur idi. Xilafətə sadiq olan şəxslərə mükafat olaraq torpaqlar verilirdi. Ümumilikdə Ərəb xilafətində torpaq sahibliyinin müxtəlif formaları vardı.