Uyğurlar avropalılardan xeyli əvvəl kağız istehsal etmiş və mətbəə yaratmışdılar. Onlar kitab çap edirdilər. Bağa Tarkanın (779—789) hakimiyyəti dövründə iqtisadiyyat daha da yüksəldi. Lakin IX əsrin birinci yarısında Uyğur xaqanlığı zəiflədi. 842-ci ildə qırğızlar üsyan qaldıraraq Uyğur dövlətinə son qoydular.
Oğuz dövlətinin yaranması. «Oğuz» sözü «boy, qəbilə, tayfa» mənasını verən ox və cəm şəkilçisi olan uz-un birləşməsindən yaranmışdır. 24 boydan ibarət olan bu tayfa ittifaqında hər boyun öz nişanı var idi. Bu tayfaların əksəriyyəti əvvəl Birinci Göytürk xaqanlığının, daha sonra İkinci Göytürk xaqanlığının tərkibində olmuşdular. Göytürk dövləti dağıldıqdan sonra VIII əsrin ortalarında Oğuz tayfaları dövlət yaratdılar. Bir müddət sonra bu dövlət uyğurların hakimiyyəti altına düşdü.