O, Jujan dövlətinə qalib gəlib Göyt ürk dövlətinin əsasını qoydu. Ötükən şəhəri paytaxt oldu. «Türk» sözünün mənası möhkəm, güclü deməkdir. Bumın xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi. Əfsanəyə görə, bu qəbilə qurddan törəmişdi. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» — göytürklər deyirdilər. Bumın xaqanın yaratdığı bu dövlət Göytürk xaqanlığı adlanırdı.

Xaqanlığın bayrağında qurd başının şəkli vardı. Dövlətə xaqan başçılıq edirdi. O həm də ordu komandanı idi. Yabqu xaqandan sonra ikinci şəxs sayılırdı. Xaqan ailəsinə daxil olan şahzadələr tigin titulu daşıyırdı. Xaqanlıqda ən yüksək əyan titulu şad idi.

Muğan xaqanın dövründə Çin türklərdən asılı vəziyyətə düşdü. İstəmi xaqan Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum etdi. Beləliklə, Göytürk dövləti qüdrətli imperatorluğa çevrildi.

VI əsrin sonlarında daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə nəticəsində Birinci Göytürk imperatorluğu parçalandı. Mərkəzi Monqolustan olmaqla Şərqi Göytürk və mərkəzi Yeddisu olmaqla Qərbi Göytürk dövlətləri yarandı. Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin azadlıqsevər türklər asılı vəziyyətlə barışmırdılar, tez-tez üsyanlar edirdilər. Ən məşhur üsyanlardan birinə Kür şad başçılıq edirdi.

«İltəris xaqan». VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə qarşı yeni bir hərəkat başlandı. Nəticədə 682-ci ildə İkinci Göytürk imperatorluğu yarandı.