İnfrasəsin əsas xassəsi müxtəlif mühitlərdə zəif udulduğundan uzaq məsafələrə yayıla bilməsidir. Onun bu xassəsindən istifadə etməklə partlayışların, küləklərin okeanlarda yaratdıqları dalğaların, zəlzələnin episentrinin (mənbəyinin) və s. koordinatlarını təyin etmək olur.
Seysmik dalğalar. Zəlzələnin nəticəsində Yerdə yaranan dalğalar seysmik dalğalardır. Yer qabığında yayılan seysmik dalğaların rəqs amplitudu, sürəti, dalğa uzunluğu və rəqs tezliyi seysmoqraf (k) adlanan cihazla təyin olunur [müasir telefonlarda seysmoqrafın funksiyasını reallaşdıran proqram vardır (l)].
Seysmik dalğalar zəlzələ mənbəyindən (episentrdən) başlayaraq üç formada yayılır: P-tip, S-tip və L-tip (m).
P-tip dalğa – uzununa dalğa olub Yer təbəqələrində sıxlaşma və seyrəkləşmə yaradır.
S-tip dalğa eninə dalğa olub Yer təbəqələrinin rəqsinə perpendikulyar istiqamətdə yayılır.
L-tip dalğa da eninə dalğadır, lakin o, Yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəlakətini yaradır.