İnsan askaridi. Parazit həyat tərzi keçirir və yetkin halda insanların nazik bağırsağında yaşayır. Uzunluğu 20-40 sm-ə qədərdir. Erkəkləri dişilərdən kiçik olur. Yastı qurdlardan fərqli olaraq, parazitlik edən sap qurdlarda yapışma orqanı yoxdur.
İnsan askaridinin həyat fəaliyyəti
Bədən örtüyü. Askaridin bədəni xaricdən möhkəm kutikula ilə örtülmüşdür. Kutikula həzm şirələrinə qarşı davamlı olub, qurdu kimyəvi və mexaniki təsirlərdən qoruyur. Bədən örtüyünə daxildən uzununa istiqamətdə yerləşmiş saya əzələlər birləşmişdir. Bunların hamısı birlikdə dəri-əzələ kisəsini əmələ gətirir.
Hərəkəti. İnsan askaridi uzununa əzələlərin köməyi ilə bədənini dalğavari hərəkət etdirir və onu uzadıb-qısalda bilmir.
Həzm sistemi. Askaridin ön hissəsində üç dodaq çıxıntısına malik ağız yerləşir. Ağızdan daxil olan qida udlağa, qida borusuna, oradan bağırsağa daxil olur. Bağırsağın son ucu anal dəliklə qurtarır. Həzm olunmamış qida hissəcikləri bu dəlik vasitəsilə bədəndən xaric edilir.
Tənəffüsü. Xüsusi tənəffüs orqanı yoxdur. Yetkin fərd oksigensiz mühitdə yaşayır.
İfrazat sistemi. İnsan askaridinin ifrazat sistemi bir cüt ifrazat kanalından ibarətdir. Bu kanallar bir-biri ilə birləşərək bədənin ön hissəsində tək axarla xaricə açılır.
Sinir sistemi. İnsan askaridinin sinir sistemi udlaqətrafı sinir həlqəsindən və bədənin arxa hissəsinə doğru gedən sinir sütunlarından ibarətdir.
Hissiyyat orqanları. Parazit həyat tərzi ilə əlaqədar olaraq xüsusi hissiyyat orqanları inkişaf etməmişdir.
Cinsiyyət sistemi və çoxalması. İnsan askaridi ayrıcinslidir. Dişilərdə bir cüt sapşəkilli yumurtalıq, erkəklərdə isə tək-sapşəkilli toxumluq olur.
İnsan askaridinin inkişafı. İnkişafında aralıq sahib iştirak etmir. İnsanın bağırsağında yaşayan yetkin askaridin yumurtaları nəcis vasitəsilə ətraf mühitə düşür. Əlverişli temperatur, rütubət və oksigenli mühitdə inkişaf edən yumurtanın daxilində sürfələr əmələ gəlir. Bu dövrdə yumurtalar yoluxmaya artıq tam hazır vəziyyətdə olur. İnsan çirklənmiş su və ya qida vasitəsilə bu yumurtaları udduqda onun nazik bağırsağında həzm şirələrinin təsirindən yumurtanın qabığı əriyir, sürfə azad olur və bağırsaq divarını dələrək qan vasitəsilə ağciyərlərə gətirilir. O, ağciyərdə inkişafını tamamlayır və ağciyəri zədələyərək öskürək yaradır. İnsan öskürdükdə bəlğəmlə ağız boşluğuna gətirilir və təkrar udularaq bağırsağa düşür. Burada yetkin qurda çevrilir.