Qamçılılar sinfi. Nümayəndəsi durğun sularda yaşayan yaşıl evqlendir (b). Amöbdən fərqli olaraq, hüceyrəsi xaricdən nisbətən bərk qılafla (1) örtüldüyündən bədəni nisbətən sabit formalı olur. Evqlendə hərəkətə xidmət edən tək qamçı (2) olur. Onda, həmçinin, bir ədəd işığa həssas “qırmızı gözcük” (3), tək ifrazat vakuolu (4), bir ədəd böyük nüvə (5) və fotosintezdə iştirak edən xlorofilə malik 20–25 ədəd xromatofor (6) olur.
Yaşıl kürəcik şəklində olan volvoksun (c) diametri 1 mm-ə çatır. Volvoksda kürəciyin əsas hissəsini həlməşik maddə təşkil edir. Koloniyada bir-biri ilə sitoplazma çıxıntıları ilə birləşmiş 1000-ə qədər armudşəkilli hüceyrə olur. Hüceyrəsi evqlenə oxşasa da, ondan fərqli olaraq, bir ədəd xromatoforu və iki ədəd qamçısı olur.
İnfuzorlar tipi. İnfuzorların bir neçə sinfi var. Tipin daha geniş yayılmış nümayəndəsi kirpikli infuzorlar sinfinə mənsub olan infuzor-tərlikdir (d). Onun hüceyrə qılafı (1) nisbətən bərk olduğundan, sabit bədən formasına malikdir. Bədən səthində 10-15 minə qədər kirpik (2) olur. Bədən daxilində iki ifrazat vakuolu (3) və iki nüvəsi (böyük və kiçik) vardır. Böyük nüvə (4) bütün həyati proseslərdə – qidalanma, tənəffüs, maddələr mübadiləsi və s., kiçik nüvə (5) isə yalnız cinsi prosesdə iştirak edir. Bədənin kənarında həmçinin novşəkilli hüceyrəvi ağız (6) və tullantı dəliyi (7) vardır.
Uyğunluğu müəyyən edin:
a) Daimi bədən forması olmayan birhüceyrəli orqanizm b) İki ifrazat vakuolu olur. c) Həm heyvan, həm də bitki kimi qidalanan orqanizm. d) Hərəkət üçün bir qamçısı olur. e) Yalançı ayaqları olur. f) Novşəkilli hüceyrəvi ağzı olur.