6. Çoxhüceyrəli yaşıl yosunlar

Mikroskopik yosunlarla yanaşı, uzunluğu onlarla metrə çatan yosunlar da var.
  • Çoxhüceyrəli yosunlar birhüceyrəli yosunlardan nə ilə fərqlənir?

Fəaliyyət – Laboratoriya işi. Sapşəkilli yosunların quruluşu.

Məqsəd: Sapşəkilli yosunların quruluşunun öyrənilməsi.
Təchizat: Canlı yosun (spirogira yosunu) və ya hazır preparat, mikroskop, əşya və örtük şüşələri, preparat iynəsi, pipetlər, bir stəkan su.
İşin gedişi: 1. Mikroskopla yosunun yenicə hazırlanmış və ya hazır mikropreparatına baxın. 2. Yosun hüceyrəsinin qılafına, sitoplazmasına, xromatoforuna, nüvəsinə, vakuoluna diqqət yetirin. 3. Gördüklərinizi spirogiranın böyüdülmüş şəkli ilə müqayisə edin və onun bir hüceyrəsinin strukturlarını qeyd etməklə şəklini çəkin. 4. Spirogiranın quruluşu barədə nəticə çıxarın.
Nəticəni müzakirə edin: 1. Yosunun sapı nədən təşkil olunub? 2. Spirogira yosunu xlamidomonada və ya xlorelladan nə ilə fərqlənir?

Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.


Çoxhüceyrəli yaşıl yosunların quruluşu

Ulotriksin tallomu sapşəkilli olub, bir cərgədə düzülmüş çoxlu hüceyrələrdən ibarətdir. Aşağıda yerləşən hüceyrəsi vasitəsilə substrata birləşir.

1. Qılaf. 2. Sitoplazma. 3. Nüvə. 4. Qapanmayan halqaşəkilli xromatofor.

Spirogira yosununun isə sapları heç yerə birləşmir. Suda passiv üzən pambığabənzər yaşıl topalar şəklində olur. Uzunsov və üzəri seliklə örtülmüş hüceyrələrə malikdir.

Ulvanın tallomu lövhəşəkilli, parlaq-yaşıl rəngli olub, kənarları burulmuşdur. Tallomun alt hissəsində suyun dibinə yapışmaq üçün qısa “saplaq” olur. Xəzər dənizində də rast gəlinir.