Qan-damar sistemi. Məməlilərin ürəyi dördkameralı olub, 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığından arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperaturu sabitdir.

İfrazat sistemi. İfrazat sistemi paxlaşəkilli bir cüt böyrəkdən, bir cüt sidik axarı, sidik kisəsi və sidik kanalından ibarətdir.
Sinir sistemi. Məməlilərdə baş-beyin, digər onurğalılarda olduğu kimi, beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür. Boz maddəni sinir hüceyrələri əmələ gətirir. Məməlilərdə sinir sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri müşahidə edilir.
Hiss orqanları. Məməlilərdə eşitmə, görmə, qoxubilmə, lamisə, dadbilmə hissiyyatı olur. Əksəriyyətində eşitmə orqanı yaxşı inkişaf etmişdir. Görmə orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz qapağı qalıq halındadır. Həyat tərzindən və yaşadığı mühit şəraitindən asılı olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir. Qoxubilmə hissiyyatı su heyvanlarında zəif, quru həyat tərzi keçirən heyvanlarda isə daha güclüdür. Məməlilər üçün lamisə funksiyasını burunun və gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.