Qidalanmasına və həyat tərzinə görə quşlar müxtəlif ekoloji qruplara bölünür.
Qidalanma tipinə görə quşların ekoloji qrupları
Bitkiyeyən quşlar. Əksəriyyəti bitki qidası
ilə – dən, giləmeyvə və toxumlarla qidalanır.
Belə quşlara payızbülbülləri, meşə xoruzları,
tetralar aiddir.
Həşəratla qidalanan quşlar. Nazik, itidimdik,
iti caynaq və uzun barmaqları olur.
Yırtıcı quşlar. Dimdikləri qısa və güclüdür,
qarmaq kimi aşağı əyilmişdir. Arxa ətraflarında
iti caynaqlar olur. Döş və ayaq əzələləri
güclü inkişaf etmişdir. Gecə və
gündüz yırtıcı quşlarına bölünür. Gündüz
yırtıcı quşlarına – qartal, şahin, qırğı; gecə
yırtıcı quşlarına – bayquş və yapalaqlar
aiddir. Yırtıcı quşlar torpaq üzərində,
demək olar ki, gəzmir.
Hər şeylə qidalanan quşlar. Ən çox rast
gəlinəni sərçə və qarğalardır.
Həyat tərzinə görə quşların ekoloji qrupları
Yaşadıqları mühit şəraitinə görə quşlar
bəzi ekoloji qruplara bölünür.
Meşə quşları. Əksəriyyətinin qanadları qısa,
quyruğu isə nisbətən uzun olur, onların
ağac və kollar arasında uçmasını asanlaşdırır.
Bu qrupa, əsasən, arıquşular, ağacdələnlər,
qaratoyuqlar, tetra və meşə xoruzları
aiddir.
Açıqlıq sahə quşları. Ayaqlarının güclü və
boynunun uzun olması vaxtında təhlükəni
görməyə və düşməndən gizlənməyə imkan
verir. Bitkiyeyən və həşəratla qidalanan
quşlardır. Doydaqlar, durnalar, dəvəquşular
bu qrupa aiddir.
Sahil və bataqlıq quşları. Əksəriyyətində
ətraflar və boyun uzun, dimdik iri olur. Bu
xüsusiyyət onlara yem əldə etməyə, bədəni
islanmaqdan qorumağa imkan verir.
Bunlara leyləklər və vağlar aiddir.
Su quşları. Onların bir çoxu yaxşı üzür, suya
baş vurur və uçur. Bədənləri uzunsovdur,
ayaqlar bədənin arxa hissəsinə –
quyruğa yaxın yerləşdiyi üçün suda
hərəkəti asanlaşdırır. Əksəriyyətində sıxlələk örtüyü və barmaqlar arasında üzmə pərdəsi olur. Torpaqda yavaş hərəkət
edir. Bu qrupa, əsasən, qazkimilər dəstəsinin nümayəndələri – qazlar, ördəklər
və qu quşları aiddir.
Pinqvinlər də su quşlarıdır. Onlarda ayaq barmaqları arasında üzmə pərdəsi
olur. Suda üzməsində arxa ətraflar və qanadlar iştirak edir. Döş tili yaxşı
inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır.