Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şikarını
tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur.
Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir.
Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin
təsirinə məruz qalır və tamamilə həll olaraq buradan qana sorulur. Həzm
olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.
Üzmə qovuğu. Sümüklü balıqlarda içərisində qazlar qarışığı olan nazik divarlı
bağırsaq çıxıntısı – üzmə qovuğu olur.
Balıq suyun dərin qatlarına endikdə üzmə qovuğunun həcmi kiçilir, yuxarı
qatlarına üzdükdə isə üzmə qovuğunun həcmi böyüyür. Bu da balığın tez bir
zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.
Tənəffüs sistemi. Balıqlar qəlsəmələrlə tənəffüs edir. Ağızdan daxil olan su
qəlsəmələri yuyur və bu zaman suda həll olmuş oksigen qəlsəmələrdəki qana
keçir. Qəlsəmələrin üzəri qəlsəmə qapağı ilə örtülmüşdür.
Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqların
ürəyi ikikameralı olub qulaqcıq və mədəcikdən təşkil olunmuşdur. Ürəkdən
çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır
və yenidən ürəyə qayıdır. Balıqlarda qan -damar sistemi qapalıdır.