Respublikamızın ərazisində düzənliklərdən dağlara doğru müxtəlif torpaq tipləri bir-birini əvəz edir.
İqlimin daha quraq keçdiyi düzənlik ərazilərdə – Kür-Araz ovalığı, Samur - Dəvəçi düzənliyi, Acınohur-Ceyrançöl alçaq dağlığı, Qobustan-Abşeron və Naxçıvanın dağətəyi, həmçinin düzən ərazilərində boz və boz-qonur torpaqlar geniş yayılmışdır. Bu torpaqların mənimsənilməsi suvarma olmadan mümkün deyil. Burada pambıq, tərəvəz, üzüm, nar kimi qiymətli bitkilərin becərilməsi üçün şərait vardır.
Təxminən 800 m mütləq hündürlüklərə qədər olan dağətəyi ərazilərdə şabalıdı torpaqlar yayılmışdır. Nisbətən yüksək məhsuldarlığı ilə seçilən bu ərazilər dənli bitkilərin becərilməsi üçün əlverişlidir. Lənkəran ovalığı və Talış dağlarında yayılan sarı torpaqlarda sitrus meyvələri və çay becərilir.
Alçaq və orta dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılmışdır. Bu torpaqlar çürüntü ilə zəngindir. Rütubətliliyinə görə dağ meşələrində iki torpaq tipi formalaşır: qonur torpaqlar rütubətli ərazilərdə, qəhvəyi torpaqlar isə nisbətən quraq, alçaq dağ meşələrində (əsasən palıd meşələrində altında) yayılır.