Yer kürəsinin inkişafının müəyyən mərhələsində canlılar əmələ gəlmiş və biosfer təbəqəsi formalaşmışdır. Canlı orqanizmlərin inkişafı ilə əlaqədar biosfer də tədricən öz sərhədlərini genişləndirmişdir.
Canlı aləm müxtəlifliyi ilə fərqlənir. Bitki və heyvanların, yəni üzvi aləmin təxminən 2,5 milyon növü vardır. Yer kürəsində növ tərkibinə görə heyvanlar, üzvi kütlənin miqdarına görə isə bitkilər üstündür. Lakin okean və quruda bu, fərqlidir. Qurudakı canlı aləmin 92%-ni bitkilər, okeanlardakıların isə 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Günəş enerjisi və istiliyi bitki, heyvan və mikroorqanizmlərin bir-biri ilə və eyni zamanda, Yerin digər təbəqələri ilə daimi əlaqəsini təmin edir.
Bitkilər Günəş enerjisini udur, torpağın humus qatı ilə qidalanır və üzvü maddələr yaradır. Otyeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə otyeyənlərlə qidalanır. Bitki və heyvanlar məhv olaraq yenidən torpağa qarışırlar (a).