ARAŞDIRMA | 1 |
Təchizat: sabit cərəyan mənbəyi, rəqəmsal ossiloqraf SIGLENT SHSİ102, kondensator (100 mkF), sarğac, ikiqütblü elektrik açan, birləşdirici naqillər.
Cihazın təsviri. Ossiloqraf (lat “oscillo” - rəqs edirəm + yun. “qraf” - yazıram) - girişinə verilən elektrik siqnallarının zamandan asılı parametrlərinin rəqsini ekranında müşahidə etməyə, yazmağa və ölçməyə imkan verən qurğudur (a).
İşin gedişi: 1. Şəkildə təsvir olunan sxemə əsasən elektrik dövrəsi qurun (b). 2. Açan 1 vəziyyətinə gətirməklə kondensatoru, yükləyin. 3. Sonra açan 2 vəziyyətinə keçirməklə kondensatoru sarğaca birləşdirin və ossiloqrafın ekranım izləyin.
Tutumu C olan kondensator və L induktivli sadə elektrik dövrəsinə nəzər yetirək (c). Belə elektrik dövrəsi LC-konturu adlanır. Əgər LC-konturunda kondensator yüklənərsə, o, dərhal boşalmağa və sarğacdan isə cərəyan keçməyə başlayar. Öz-özünə induksiya hadisəsinə görə sarğacdakı cərəyan şiddəti tədricən artır və kondensator tam boşaldıqdan sonra maksimal qiymətə çatır (d və e). Lakin bu cərəyan öz-özünə induksiya nəticəsində öz istiqamətini saxlamaqla boşalmış kondensatoru yenidən yükləməyə başlayır və cərəyan şiddəti tədricən azalır. Kondensator lövhələri başlanğıc miqdarda, lakin əksişarəli yüklə tam dolduğu an cərəyan şiddəti sıfıra bərabər olur (f). Kondensatorun sarğac vasitəsilə yenidən yüklənməsi periodik olaraq təkrarlanır (g və h).
Beləliklə, LC-konturunda elektrik və maqnit sahələrinin, onları xarakterizə edən kəmiyyətlərin - elektrik yükünün, cərəyan şiddətinin, gərginliyin və s.-nin periodik dəyişməsi baş verir. Bu halda deyilir ki, ideal LC-konturunda sərbəst elektromaqnit rəqsləri yaranmışdır. Ona görə də, adətən, belə LC-konturu ideal rəqs konturu (enerji itkisi baş verməyən kontur) adlanır.
• Sərbəst elektromaqnit rəqsləri - rəqs konturunda kənar mənbələrdən enerji almadan elektrik və maqnit sahələrinin, onları xarakterizə edən kəmiyyətlərin - elektrik yükünün, cərəyan şiddətinin, gərginliyin və s.-nin periodik dəyişməsidir.
Mexaniki rəqslər və elektromaqnit rəqsləri fərqli təbiətə malik olsalar da, onlar materiyanın malik olduğu vahid periodiklik xassəsini xarakterizə etdiyindən bu rəqslər ümumi qanunauyğunluğa tabedir - onlar oxşar tipli tənliklərlə təsvir olunur.Ona görə də elektromaqnit rəqslərini mexaniki rəqslərlə, məsələn, yaylı və riyazi rəqqasların rəqsləri ilə analogiyada araşdırmaq əlverişlidir ( cədvəl 3.1.).