Kənar qüvvələr. İki eyni elektrometrin metal sferalarım əksişarəli yüklə elektrikləndirib naqillə birləşdirək (a və b). Sferalardakı potensiallar fərqi hesabına naqildə yaranan elektrik sahəsi onun sərbəst elektronlarını nizamlı hərəkətə gətirir. Nəticədə naqildə elektrik cərəyanı yaranır və dərhal da kəsilir - elektrometrlər boşalır. Bu o deməkdir ki, sferalar arasındakı potensiallar fərqi yox olur və
elektrik sahəsi naqildə fasiləsiz sabit elektrik cərəyanı yarada bilmir.
Cərəyanın uzun müddət mövcud olması üçün 1 və 2 metal sferaları arasında potensiallar fərqini saxlamaq lazımdır. Bunun üçün xüsusi qurğulardan - cərəyan mənbələrindən istifadə edilir. Əgər elektrostatik sahə naqildəki sərbəst elektronları yalnız potensialı az olan hissədən çox olan hissəyə hərəkət etdirirsə, cərəyan mənbəyinin vəzifəsi isə bu elektronları yenidən potensialı az olan hissəyə (mənfi yüklü qütbə) qaytarmaqdır (c). Deməli, cərəyan mənbəyində sərbəst elektronlar elektrik sahəsi istiqamətində hərəkət etməlidir. Bu isə o zaman mümkündür ki, cərəyan mənbəyində yüklərə elektrostatik təbiətə malik olmayan qüvvələr təsir etsin.
• Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüvvələr kənar qüvvələr adlanır.
• Cərəyan mənbəyi — sərbəst yüklü zərrəciklərə təsir edən kənar qüvvələr yaradan qurğudur.
Kənar qüvvələr kimyəvi təbiətli (qalvanik elementdə), istilik təbiətli (termoelementdə), işıq təbiətli (fotoelementdə) və s. ola bilir.
Qeyd edək ki, dövrədə sabit elektrik cərəyanının olması üçün kənar qüvvələrin zəruriliyi enerjinin saxlanması qanununun nəticəsidir. Belə ki, elektrostatik sahə potensiallı sahə olduğundan qapalı elektrik dövrəsi boyunca yüklü zərrəciklərin hərəkəti zamanı sahənin gördüyü iş sıfıra bərabərdir.
Naqildən elektrik cərəyanı keçdikdə onda enerji itkisi baş verir - naqildən Coul - Lens istiliyi ayrılır. Ona görə də dövrədə digər enerji mənbəyi olmalıdır ki, onun işi hesabına itirilən enerji bərpa edilsin. Cərəyan mənbəyindəki kənar qüvvələr qeyri-potensiallr olmalıdır ki, qapalı dövrədə onların gördüyü iş sıfırdan fərqli olsun. Kənar qüvvələrin işi hesabına yükdaşıyıcılar cərəyan mənbəyi daxilində enerji alır. Odur ki cərəyan mənbəyinin qütblərinə naqil birləşdirdikdə sərbəst elektronları mənbə daxilində kənar qüvvələr, naqildə isə elektrostatik qüvvələr hərəkətə gətirir (d).
Elektrik hərəkət qüvvəsi. Bilirsiniz ki, elektrik cərəyanı yaradan sahənin sıfirdan fərqli gördüyü iş induksiya elektrik hərəkat qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyətlə xarakterizə edilir (bax:1.9 mövzusu).