4.5. ŞÜALANMANIN NÖVLƏRİ VƏ ONLARIN TƏTBİQLƏRİ
(Təqdimat dərs)
Təqdimat üzərində işləyərkən aşağıda təqdim olunan qısa nəzəri materialdan və elektron ünvanlarından
istifadə edə bilərsiniz.
• 1. Qısa nəzəri material.
1.1. Lüminessent şüalanma. Lüminessensiya (lat.: lümen - işıq + escent - zəif
təsir) - müəyyən
maddələrin enerji udması nəticəsində onu təşkil edən atomların həyəcanlanaraq nisbətən soyuq
şüalanmasıdır. O, közərmiş cismlərin, məsələn, yanan ağac və kömürün, elektrik cərəyanının təsiri ilə
əriyən metalın və közərən telin şüalanmasından fərqlənir. Lüminessensiya şüalanması müşahidə olunur:
lüminessens və neon lampalarında, televizor, radar və flüoroskop ekranlarında; üzvi maddələrdə -
işıldaböcəklərdəki lüminol və ya lüseferində; xarici reklamlarda istifadə olunan bəzi piqmentlərdə; qütb
parıltısında və s. Bütün bu hadisələrdə işıq şüalanması, demək olar, otaq temperaturundan aşağı
temperaturlarda baş verir.
Lüminessent materialların praktik əhəmiyyəti enerjini görünməz formadan görünən şüalanmaya çevirməkdir.
Praktikada fotolüminessensiya, elektrik lüminessensiyası, kimyəvi lüminessensiya, katod
lüminessensiyası və s. şüalanma geniş tətbiq olunur.
1.2. Lazer şüalanması. Ötən əsrin böyük praktik əhəmiyyət kəsb edən ən mühüm kəşflərindən biri
optik
kvant generatorunun - lazerin yaradılmasıdır.
Lazer-istilik, kimyəvi, elektrik enerjisini elektromaqnit sahəsinin enerjisinə - lazer şüasına
çevirən qurğudur. Lazerin iş prinsipinin fiziki mexanizmi məcburi şüalanmaya əsaslanır.
Lazer ingiliscə səslənən "Light Amplification by Stimulated Emission of Radiation" sözlərinin baş
hərfləri olub "Məcburi şüalanma ilə işığın gücləndirilməsi" deməkdir.
Məcburi şüalanma - atomun yuxarı enerji səviyyəsindən aşağı enerji səviyyəsinə özbaşına (spontan)
deyil, xarici təsir altında keçməsi nəticəsində baş verən şüalanmadır.
Fərz edək ki, atom iki enerji səviyyəsində ola bilər - enerjisi E1 olan əsas və
enerjisi
E2 olan
həyəcanlanmış. Bu səviyyələr arasında üç tip optik keçid mümkündür: işığın udulması, spontan şüalanması
və məcburi şüalanması (cədvəl 4.2).
Cədvəldən görünür ki, atom E2 enerji səviyyəsində həyəcanlanmış halda olduqda o,
enerjisi
hv=
E2 - E1
olan bir foton şüalandırmaqla əsas səviyyəyə keçə bilər. Bu zaman atomun üzərinə düşən elektromaqnit
dalğasının tezliyi, fazası və yayılma istiqaməti atomun məcburi şüalanma dalğasının uyğun
xarakteristikaları ilə eyni olduğundan onlar koherent dalğalardır. Bu o deməkdir ki, elektromaqnit
dalğasının təsiri ilə maddədə bir fotonun əvəzinə hər birinin enerjisi hv olan iki foton əmələ
gəlir:
şüalanmaya məcbur edən foton və yeni yaranan foton. Beləliklə, maddədən keçən işığın iki dəfə güclənməsi
baş verir. Lakin xarici elektromaqnit dalğalarının təsiri nəticəsində maddə atomunda induksiya
dalğalarının şüalanması ilə eyni zamanda işığın udulması da baş verir. Bu səbəbdən maddədən keçən işığın
intensivliyi azalır.