Plank fərziyyəsi. Alimlər maddə ilə şüalanma arasında istilik tarazlığı şərtlərini araşdırdıqda nəzəriyyə ilə təcrübə arasında çox ciddi fərq aşkar etdilər. Belə ki, Maksvellin elektromaqnit nəzəriyyəsinə əsaslanan hesablamalar göstərdi ki, maddə ilə şüalanma arasında istilik tarazlığı yalnız mütləq sıfır temperaturunda (-273°C-də) mövcud ola bilər. Bu o deməkdir ki, əgər cismin temperaturu mütləq sıfırdan yüksəkdirsə, o, mütləq sıfıra qədər soyuyanadək öz daxili enerjisini fasiləsiz olaraq elektromaqnit sahəsinə verməlidir - elektromaqnit dalğası şüalandırmalıdır. Əgər belə olsa idi, kainatdakı bütün cisimlər, o cümlədən Günəş çoxdan öz daxili enerjisini elektromaqnit sahəsinə verib -273°C-yə qədər soyumalı idi.
Təcrübə isə təkzibedilməz dəlillərlə sübut etdi ki, maddə ilə şüalanma arasında istilik tarazlığı bütün temperaturlarda mövcuddur. Belə tarazlıq cismin elektromaqnit dalğası şüalandırması və udması nəticəsində yaranır.
1900-cü ilin dekabrında alman alimi Maks Plank (1858-1947) “Almaniya Fizika Cəmiyyəti”ndə çıxış edərək irəli sürdüyü yeni fərziyyə ilə eksperimentə zidd olan nəzəriyyədə ciddi düzəliş etdi.
Plank fərziyyəsi belədir:
•Atomun elektromaqnit enerji şüalandırması kəsilməz deyil, diskretxarakter daşıyır. Şüalanma kvantlarla (lat “quantum ” - say, miqdar) - kiçikporsiyalarla baş verir.
Kvantın (sonralar o, foton adlandırıldı) enerjisi şüalanma tezliyi ilə mütənasibdir.
E = hv. (1)