ARAŞDIRMA | 1 |
Dalğa səthi və dalğa cəbhəsi. İxtiyari növ dalğarın müxtəlif mühitlərdə yayılma qanunauyğunluğu universal xarakterə malikdir. Məsələn, durğun su səthinə düşən damcının düşmə nöqtəsində
yaratdığı rəqslər zaman keçdikcə bütün istiqamətlərə eyni sürətlə yayılaraq mühitin müəyyən hissəsini əhatə edir (b). Zaman keçdikcə dalğa yayılmaqda davam edərək su səthinin daha çox hissəsini həyəcanlandırır. Deməli, dalğa yayılarkən su səthi (mühit) dalğanın yayıldığı və hələ yayılmadığı iki hissədən ibarət olur. Verilmiş anda bu hissələri bir-birindən ayıran təmas xətti dalğa səthidir.
• Dalğa səthi - verilmiş anda dalğaların çatdığı nöqtələrin həndəsi yeridir.
Dalğa yayılan mühitdə müəyyən nöqtələr toplusu eyni faza ilə rəqs edir. Belə nöqtələrdən keçən səth üzərində faza eyni bir qiymətə malik olduğundan həmin səthlər bərabər fazalı səth, yaxud dalğa cəbhəsi adlanır.
• Dalğa cəbhəsi - eyni fazada rəqs edən nöqtələrin həndəsi yeridir.
Dalğa cəbhəsi həndəsi məfhum olub eyni fazada rəqs edən nöqtələrdən keçən səth təsəvvürü yaradır (c). Mühitdə dalğa yayılarkən onun ardıcıl gələn müxtəlif nöqtələrində fazanın qiyməti müxtəlif ola bildiyinə görə hamin mühitdə sonsuz sayda dalğa cəbhəsi mövcud ola bilir.