Sənaye xəritələrinin digər xəritələrlə (nəqliyyat, əhali sıxlığı və s.) müqayisəli təhlili təsərrüfatın yerləşməsində digər coğrafi qanunauyğunluqların da müəyyən edilməsinə imkan verir. Məsələn, xəritədə sənaye mərkəzlərinin yaxın yerləşməsi bu ərazidə şəhərlərin sayının çox və əhali sıxlığının yüksək, nəqliyyat şəbəkəsinin sıx olmasını ifadə edir.

• İNFORMASİYA FONDU •
Elmi-texniki tərəqqinin yeni nailiyyətləri, müasir nəqliyyat infrastrukturunun qurulması və digər amillər təsərrüfat sahələrinin yerləşməsində müşahidə edilən "qanunauyğunluqların" pozulmasına səbəb olur. Məsələn, təbii ehtiyatlar baxımından kasıb olan Yaponiyanın təsərrüfat sahələri gətirilmə xammala əsaslanır və iri sənaye mərkəzləri liman şəhərlərində yerləşdirilir.

Ölkələr müxtəlif göstəricilərinə görə (əhalinin sayına, adambaşına düşən milli gəlirə, elektrik enerjisi istehsalına və s.) bir-birindən fərqlənir. Ölkə daxilində daha “güclü mərkəz”lərlə yanaşı, “zəif əyalətlər” də mövcuddur. Kartoqrafik təsvirlər üzərində bu fərqləri əks etdirmək üçün son illərdə anamorfoz xəritələrdən istifadə olunur. Anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr riyazi statistika əsasında tərtib edilir. Məsələn, dünya əhalisinin sayını göstərən anamorfoz xəritədə Çin, Hindistan və əhalisinin sayı daha çox olan digər ölkələrin ərazisi təhrif olunmuş halda, yəni daha qabarıq təsvir edilir.

Əhalisi azsaylı olan ölkələrin (məsələn: Kanada, Avstraliya və s.) ərazisi böyük olsa da, anamorfoz xəritələrdə daha kiçik ölçüdə göstərilir.

Refleksiya
Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
  • Kənd təsərrüfatı xəritələrinin təhlili ərazidə aqrar-sənaye müəssisələri haqqında məlumatların əldə edilməsinə imkan verir. Çünki ...
  • Anamorfoz xəritələr ənənəvi xəritələrdən fərqlənir. Çünki ...
  • Sənaye xəritəsinə əsasən əhali sıxlığını müəyyən etmək mümkündür. Ona görə ki ...
Öyrəndiklərinizi TƏTBİQ EDİN
Kənd
təsərrüfatı
sahəsi
Əlaqədar olaraq
yaranan aqrar-sənaye
sahəsi
İnkişaf etdiyi mərkəzlər
Üzümçülük Şərabçılıq Şamaxı, Göygöl, Tovuz, Qazax,
Kürdəmir, Cəlilabad, Naxçıvan
Pambıqçılıq Pambıqtəmizləmə
Meyvəçilik Meyvə-tərəvəz
konserv
Baramaçılıq İpəkçilik
Çayçılıq Çay sənayesi

Azərbaycanın sənaye və kənd təsərrüfatı xəritələrini müqayisə edin. Təsərrüfatın yerləşməsindəki qanunauyğunluqları təsdiqləyən nümunələr göstərin. Nəticələri cədvəl formasında təqdim edin.