Canlı orqanizmlərdən istifadə etməklə sənaye üsulları ilə insana lazım olan məhsulların alınması biotexnoloji proseslərlə həyata keçirilir. Biotexnoloji proseslər nəhəng qurğular olan bioreaktorlarla (ferminter) həyata keçirilir. Ferminterlərdə bakteriyalar, maya göbələkləri, aktinomisetlər və s. xüsusi qidalı mühitdə yetişdirilərək müxtəlif zülallar, fermentlər, dərman preparatları alınır. Bəzi bakteriyalar metalları oksidləşdirməklə onları həll ola bilən birləşmələr şəklinə salır. Bu proseslər zamanı çox vaxt zərərli tullantılar, əsasən, zəhərli qazlar alınır.
Biotexnologiyada mühəndislik elmindən də istifadə olunur.
Biotexnologiya və mühəndislik | ||
Hüceyrə mühəndisliyi |
Xromosom mühəndisliyi |
Gen mühəndisliyi |
Bitki və heyvan toxumalarından götürülmüş hüceyrələr içərisində hüceyrənin yaşaya bilməsi üçün lazım olan maddələr (hormonlar, amin turşuları, mineral duzlar) yerləşdirilmiş qidalı mühitdə saxlandıqda onlar inkişaf edib çoxala bilir. Belə mühitdə, əsasən, bitki hüceyrələri regenerasiya edib yeni orqanizm əmələ gətirir. Bu üsulla müxtəlif ekoloji şəraitə dözümlü fərdlər almaq mümkündür. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan kartof-pomidor, alma-albalı, xərçəng hüceyrələri və limfositlərin hibridləri də bu üsulla alınmışdır. |
Bu üsul bitkilərdə xromosomların dəyişdirilməsinə və ya xromosom cütlərinin əlavə edilməsinə əsaslanır. Proseslər homoloji xromosomlardan birini, ya da hər ikisini dəyişməklə həyata keçirilir. İstənilən bir bitki sortunun xromosom cütünü digəri ilə əvəz etməklə xəstəliklərə, ətraf mühitin dəyişilmiş şəraitinə dözümlü sortlar almaq mümkündür. Xromosom mühəndisliyindən istifadə biotexnologiya elminin mühüm nailiyyətlərindən biridir. |
Bir orqanizmdə olan müəyyən genin digər orqanizmə köçürülməsi ilə həyata keçirilir. Transgenez* zamanı nəzərdə tutulan gen ayrılır, onun işini tənzimləyən gen sisteminə malik xüsusi sahəyə yerləşdirilir. Həmin geni əvvəl hüceyrəyə, daha sonra isə onun genomuna daxil edərək yeni orqanizm yetişdirilir. Bu üsulla müxtəlif canlıların genlərinin dəyişdirilməsinə nail olunmuş, meyvə və tərəvəz bitkiləri yetişdirilmişdir. Gen mühəndisliyində plazmidlərdən istifadə olunur. Plazmidlər bakteriyalarda olan xromosomlardan kənar öz-özünə bölünə bilən kiçik halqaşəkilli DNT-lərdir. |