Yer planeti və onun üzərində həyatın əmələ gəlməsi haqqında mübahisəli təsəvvürlər mövcuddur. Onlardan birində deyilir ki, təxminən 4-5 milyard il əvvəl daha sonralar insanlar tərəfindən Günəş adlandırılan kiçik ulduz sistemində qızmar qaz və kosmik tozdan ibarət qatı kütlə əmələ gəldi. Sonralar bu kütlə soyuyaraq ətrafdakı hissəcikləri özünə birləşdirdi və bərkidi. Yer planetinin bu cür yarandığı güman olunur.
Yer yarandığı dövrdə indikindən çox fərqli idi. Onun diametri müasir ölçüsündən kiçik, temperaturu isə çox yüksək olub. Minlərlə dərəcə temperaturda bütün süxurlar əridi, meteoritlər isə ara- sıkəsilmədən planetin səthini sanki bombardman edirdi. Sonrakı dövrlərdə bu proses dayandı. Daha sonra planet soyumağa başladı. Onun kələ-kötür səthi formalaşdı. Temperatur 100°C-dən aşağı düşdü. Atmosferdə buxar şəklində olan su damcılara çevrilib yağış şəklində yağmağa başladı. Yer səthində okeanlar əmələ gəldi.
Həmin dövrün atmosferi də indikindən fərqli idi. Bu dövrdə planetdə həyatın olması üçün heç bir şərait yox idi. Ancaq getdikcə şərait dəyişməyə və həyat yaranmağa başlamışdır.
Həyatın yaranması haqqındakı müxtəlif fərziyyə və təsəvvürlər bir çox fikirlərin yaranmasına səbəb olmuşdur.
Onlardan biri F.Engelsə məxsusdur. Onun fikrincə, “Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur və bu yaşama üsulu öz mahiyyətinə görə bu cisimlərin kimyəvi tərkibi və hissələrinin daima öz-özünə yenilənməsindən ibarətdir”.
Həyat haqqında təriflərdən birini də M.V.Volkenşteyn vermişdir: “Yer üzərində mövcud olan canlı vücudlar biopolimerlərdən - zülal və nuklein turşularından qurulmuş, öz-özünə tənzimlənən və özünütörədən açıq sistemlərdir”.
Hər iki tərifdən bəlli olur ki, canlı cansızdan fərqlənir. Canlılar qidalanır, tənəffüs edir, çoxalır, böyüyür, hərəkət edir və müxtəlif qıcıqlara cavab reaksiyası verirlər.