Hazırda bioloji tədqiqat işlərinin aparılmasında sentrifuqa cihazı geniş tətbiq olunur. O, çox böyük dövretmə sürətinə malikdir. Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur. Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri, onların kimyəvi tərkibi də tədqiq olunur.
Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir. Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək
mümkündür.
İnsanın qan təzyiqini ölçmək üçün tonometrdən istifadə olunur. O, hava yastığından (manjet), manjeti hava ilə təchiz edən mexaniki və ya avtomatik cihazdan, təzyiqi ölçmək üçün mexaniki və ya
rəqəmsal manometrdən ibarətdir.
Ürək əzələsinin fəaliyyəti zamanı yaranan elektrik aktivliyi elektrokardioqraf cihazı vasitəsilə qeydə alınır. Elektrokardioqrafiya (EKQ) metodu ilə ürək və onun fəaliyyətində baş verən dəyişikliklər aşkar edilir.
Elektroensefaloqraf cihazından istifadə zamanı böyük yarımkürələri elektrodlar vasitəsilə qıcıqlandırır və fəaliyyətini gücləndirirlər. Alınan əyrilər xüsusi aparat vasitəsilə kompüterə köçürülür və dəyişikliklər qeydə alınır. Bu metodla sinir sistemində baş verən patologiyalar aşkara çıxarılır.
İnsan orqanizminin hər hansı bir hissəsinin köndələn kəsiklərlə təsvirini almaq üçün kompüter tomoqrafiya aparatından istifadə edilir. Bu metod bir çox diaqnostik cihazlarla təyin edilməsi mümkün olmayan dəyişikliklərin aşkar olunmasına kömək edir və onu kompüter tomoqrafiyası metodu adlandırırlar.