Təbiətin ali varlığı olan insan yüksək inkişaf etmiş şüura malik olduğundan həm mövcud biliklərdən istifadə edir, həm də yeni-yeni kəşflərə imza atır. Bunun sayəsində də təbiətin elmə məlum olmayan bəzi sirlərinin açılmasına nail olurlar. Canlıları və onlarda baş verən dəyişiklikləri öyrənmək üçün insanlar elm və texnikanın nailiyyətlərinə istinad edərək bir çox cihazlar və avadanlıqlar ixtira edirlər. Həmin avadanlıqlar vasitəsilə tədqiqat aparır və elm sahələrinə yeni-yeni töhfələr verirlər.
Canlıları öyrənmək üçün istifadə olunan avadanlıqlar hansılardır? | |
Bu avadanlıqlardan hansı prosesləri öyrənmək üçün istifadə olunur? |
Araşdırmalar apararaq aşağıdakı sxemi tamamlayın. Seçiminizi əsaslandıraraq təqdim edin.
№ | Canlıları öyrənən avadanlıq |
Onun vasitəsilə tədqiq olunan obyekt və ya proses |
Aparılan tədqiqatlardan bəhrələnən elm sahələri |
XX əsrin ikinci yarısında baş verən elmi-texniki inqilab biologiya elminin inkişafına da öz təsirini göstərir. Daima inkişafda olan bu elm ilbəil yeni faktlarla zənginləşir. Çox mühüm hesab olunan nəzəriyyələrə yenidən baxılır. Belə bir inkişaf hüceyrə biologiyası, embriologiya, parazitologiya, genetika, seleksiya, ekologiya, zoologiya, anatomiya və s. elm sahələrinin tərəqqi etməsinə səbəb olur. Bu elm sahələrində müasir avadanlıqlardan istifadə nailiyyətlərin əldə olunmasına daha da təkan verir.
Hazırda 3600 dəfəyə qədər böyüdən işıq mikroskopu əvvəllər olduğu kimi, hələ də müşahidələrdə böyük rol oynamaqda davam edir. Lakin belə mikroskoplarla da 5-10 mkm qalınlığında kəsilmiş və ya rənglənmiş hüceyrələrin quruluşunu görmək mümkün deyil.
On və yüz min dəfələrlə böyüdən elektron mikroskopundan istifadə canlıların daha dərindən tədqiqinə və bir sıra bioloji qanunauyğunluqların kəşfinə səbəb oldu.
Elektron mikroskopunda işıq əvəzinə sürətli elektron selindən istifadə olunur. Yəni şüşə linzalar elektromaqnit sahələri ilə əvəz edilir. Böyük sürətlə hərəkət edən elektronlar tədqiq olunan obyekt üzərində toplanır. Sonra ekrana düşərək obyektin böyüdülmüş surətini əks etdirir. Elmi tədqiqat işlərinin aparılmasında bu cihazın rolu böyükdür.