• Qocalığa səbəb olan genlərin nəzarət altına alınması və ya dəyişdirilməsi nəticəsində uzunömürlülüyün yaranması (1996-cı ildən başlayaraq hələ ana bətnindəki rüşeymin ilkin inkişafına əsasən insan ömrünün nə qədər olacağının təxmin edilməsi sahəsində ciddi tədqiqatlar aparılır);
• Bir canlıda olan əlamətlərin meydana çıxmasını təmin edən genlərin digər orqanizmlərə köçürülməsi nəticəsində onda olan qüsurlu əlamətlərin aradan qaldırılması, bəzi yeni xüsusiyyətlərin isə qazandırılması (məsələn, əgər C vitaminini qaraciyər sintez edərsə, qidada onun olması vacib olmayacaqdır);
• Bitki və heyvanlarda məhsuldarlığın artırılması və bir çox maddələrin sintezinin məhz mikroorqanizmlərin payına düşməsi;
• Genlərin dəyişdirilməsi nəticəsində transgen orqanizmlərin meydana çıxması;
• Yeni texnologiyaların tətbiqi nəticəsində toxuma və orqanların bərpası.
Artıq bəzi toxuma və orqanların saxlanıldığı banklar yaradılmışdır. Lazım gəldikdə onlardan istifadə olunur. Ancaq bəzən sümük, dəri və s. istifadə olunarkən toxuma uyğunsuzluğu (histokimyəvi) nəticəsində problemlər yaşanır. Yaxın gələcəkdə əksər toxuma və orqanlar bütövlükdə qorunub saxlanılacaq və lazım gəldikdə istifadə olunacaqdır.
Genlərin kataloqlarına uyğun banklar yaradılacaq, dərman sənayesi biotexnoloji qaydalara əməl edərək ucuz məhsul istehsal edəcəkdir.
Ancaq bütün bunlarla yanaşı, geni dəyişdirilmiş orqanizmlərdən alınan qidaların ziyanlı olması, mikroorqanizmlərin yeni təhlükəli xəstəliklərə səbəb olacağı və s. bu kimi təhlükələrlə də qarşılaşa bilərik.