Mərkəzlər bir-birindən, əsasən, okean və dağlarla təcrid olunduğundan həmin ərazilərdə özünəməxsus flora formalaşır. Lakin buna baxmayaraq bir mədəni bitkinin bir neçə mənşə mərkəzi ola bilər. Müəyyən olunmuşdur ki, bitkilərin bir qismi bizim eradan əvvəl mədəniləşdirilmişdir.
İrsi dəyişkənliklə homoloji sıralar qanunu
Mədəni bitkilərin mənşə mərkəzlərini qruplaşdırmaqla bərabər, Vavilov bir növün daxilində baş verən dəyişkənliyin ona mənşəcə yaxın olan digər növlərdə də baş verə biləcəyi qənaətinə gəldi. Nəticədə irsi dəyişkənliklərin homoloji sıralar qanunu yarandı. Qanuna görə, genetik cəhətdən yaxın olan növ və ya cinslər oxşar irsi dəyişkənliklər sırası ilə səciyyələnir. Vavilov bu qanunauyğunluğu taxıl bitkilərində müəyyənləşdirmişdi. O göstərmişdi ki, buğda bitkisində baş verən istənilən bir irsi dəyişkənlik eyni fəsilənin nümayəndələri olduğundan arpa, çovdar, darı və digərlərində də baş verə bilər.
1. | Müxtəlif mənbələrdən istifadə edərək mədəni bitkilərin mənşə mərkəzlərinin (Vavilova görə) Avstraliya qitəsini əhatə etməməsinin səbəbini araşdırın. Araşdırmanızın nəticələrinə dair məruzə və ya təqdimatlar hazırlayın. |
2. | Paxlalılar fəsiləsinə daxil olan bitkiləri mənşə mərkəzlərinə (Vavilova görə) əsasən qruplaşdırın. |
3. | Üzüm bitkisinin vətəni Azərbaycan ola biləcəyi güman olunur. Sizcə, bu fikir doğrudurmu? Azərbaycan daha hansı bitkilərin vətəni ola bilər? Fikirlərinizi əsaslandırın. |
4. | İrsi dəyişkənliklərin homoloji sıralar qanununa dair araşdırma aparın və məruzə hazırlayın. |