Bitkilərin mədəniləşdirilməsi və onlar arasında müxtəlif istiqamətdə seçmə aparılması insanların tələbatlarının ödənilməsinə xidmət etməklə bərabər, həm də bitkilərin mənşəyinin haradan gəldiyinin araşdırılmasına imkan verir.
Artıq bilirsiniz ki, dünya ölkələrinə səyahət edən akademik N.İ.Vavilov əməkdaşları ilə birlikdə külli miqdarda bitki sortları toplamış və bu bitkilərin mənşə mərkəzlərinin qruplaşdırılmasını həyata keçirmişdir.
Sizcə, bitkilərin hansı xüsusiyyətləri onların müxtəlif mənşəli olmalarına səbəb olur? |
Dünya ölkələrinin fiziki xəritəsinə istinadən göstərilən mərkəzlərin ərazilərinin hansı qitələri və dövlətləri əhatə etdiklərini müəyyənləşdirin. Nəticəni təqdim edin.
Mədəni bitkilərin əcdadları Yer kürəsinin bütün ərazilərində heç də bərabər şəkildə yayılmamışdır. Müxtəlif yerlərdə bitən bu bitkilər yalnız mədəniləşdirildikdən sonra bütün dünyada istifadə olunmağa başlamışdır.
Məsələn, kartofun (“ikinci çörək”) yabanı forması Çili və Perunun dağ ərazilərində bitir, lakin bu bitkinin mədəni formalarına bütün dünya ölkələrində rast gəlinir.
N.İ.Vavilovun rəhbərliyi altında təşkil olunmuş ekspedisiya Avstraliyadan başqa, bütün qitələrdə olmuş, 1600-ə yaxın bitki növü tədqiq etmişdir. Onlar müxtəlif coğrafi zonalarda olan bitkilərin çoxsaylı növ müxtəlifliyini müşahidə etmişlər. İstənilən bir bitkinin yabanı növünün bitdiyi ərazi həmin bitkinin mənşə mərkəzi hesab edilir. Vavilovun müəyyənləşdirdiyi 7 mənşə mərkəzi qədim əkinçilik ərazilərini əhatə edir. Ərazilər, əsasən, dağlıq zonalardır.