Seleksiya* insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləşdirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaranmışdır.
Bəs seleksiya elmi nəyi öyrənir? | |
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir? |
Nikolay İvanoviç Vavilov seleksiyanın “insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül” prosesini əks etdirdiyini demişdir.
Qruplara ayrılın və bu ifadəni əsas götürərək seleksiya elminin vəzifələrinə dair kiçik təqdimat hazırlayın.
Seleksiya bir təkamül prosesi kimi ümumi qanunauyğunluqlara əsaslanır. Seleksiya işi aparılarkən genetika elminin qanunauyğunluqlarına istinad edilir. İnsanlar tərəfindən aparılan bu prosesin həyata keçirilməsi təbii seçmənin süni seçmə ilə əvəz olunmasına səbəb olmuşdur.
İnsanların süni seçmə aparmasının səbəblərini izah edin və əsaslandırın.
Seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamları alınır.
Cins və sort nədir?
Cins və sortlar insan tərəfindən süni surətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan, müəyyən irsi keyfiyyətlərə malik olan və mühit şəraitinə uyğunlaşan heyvan və bitki orqanizmlərin cəmidir.
Cins və sortun xarici mühitin təsirinə qarşı müəyyən reaksiya göstərmək xüsusiyyəti vardır. Onların müsbət keyfiyyətləri müəyyən
aqrotexniki şəraitdə, əlverişli iqlim amilləri olduqda, məlum yemləmə və saxlama şəraitində meydana çıxır. Bunun nəticəsidir ki, istənilən bir ölkədə alınmış cins və sortlar digər ölkələrdə, dəyişik iqlim şəraitində heç də həmişə yararlı olmur.