L.Paster təbii şəraitdə qarayara törədicilərinə qarşı həssas olmayan toyuqların ayaqlarını soyuq suda saxlamış və onları xəstələndirməyə nail olmuşdur. Bununla o, soyuğun bədən müqavimətinə mənfi təsirini sübut etmişdir. |
Dalğa uzunluğundan, təsir müddətindən, intensivliyindən asılı olaraq Günəş şüaları da orqanizmə müxtəlif cür təsir edir. Uzun müddət Günəş şüasının təsiri altında qalmaq günvurmaya səbəb olur. Nəticədə orqanizmin immun sistemi zəifləyir, mikroorqanizmlərə qarşı müqavimət azalır. Digər tərəfdən isə Günəş vannalarının düzgün qəbulu insan orqanizminə müsbət təsir göstərir, infeksiyalara davamlılığı yüksəldir.
İonlaşdırıcı şüalar immun sistemini sarsıdır. Bu, qırmızı sümük iliyinin qanyaradıcı funksiyasında dəyişikliklərin baş verməsi nəticəsində olur.
Rentgen şüalarının yüksək dozaları selikli qişaların keçiriciliyini pozur, faqositlərin aktivliyini, qanın müdafiə xüsusiyyətlərini zəiflədir. Orqanizmin xəstəliklərə qarşı həssaslığı artır.
Yoluxucu xəstəliklərin baş verməsində cəmiyyətin sanitar mədəniyyəti, məişət şəraiti, iqtisadi vəziyyəti və dini adətləri də mühüm əhəmiyyət kəsb edir. Hindistanın bəzi əyalətlərində inəyə sitayiş etdiklərinə görə mal ətindən qida kimi istifadə edilmir. Nəticədə qida rasionu kasadlaşır ki, bu da orqanizmə mənfi təsir edir.
İqtisadi inkişaf cəhətdən geridə qalan ölkələrdə “sosial xəstəliklər” adlandırılan vərəm, cüzam, sifilis, bağırsaq infeksiyaları daha tez-tez baş qaldırır. Sağıcılar, çobanlar, baytarlar zoonoz infeksiyalara daha çox yoluxurlar.
Müasir dövrdə elmin, texnikanın, sənayenin sürətli inkişafı torpağın, suyun, havanın çirklənməsinə səbəb olur. Bu hal gündəlik istifadə edilən qida məhsullarına da sirayət etməklə insan sağlamlığına mənfi təsir göstərir. Ekoloji şəraitin pisləşməsi orqanizmin müdafiə qabiliyyətinə zərər verərək infeksion xəstəliklərə müqavimətini kəskin zəiflədir. Həkim məsləhəti olmadan dərman preparatlarından kortəbii istifadə də orqanizmə mənfi təsir göstərir. Xüsusilə antibiotiklər, immunodepressantlar orqanizmin immun sisteminin zəifləməsinə səbəb olan amillərdən hesab olunur.