Mikroorqanizmlərin xəstəlik törətməsi sahib orqanizmin xüsusiyyətlərindən də asılıdır. Bilirsiniz ki, sahib orqanizm həssas olmadıqda hətta ən yüksək həyatilik qabiliyyətinə malik mikroorqanizmlər belə, xəstəlik törədə bilmir.
Sahib orqanizmin həssaslığına hansı amillər təsir göstərir? | |
Bu amillər mikroorqanizmdə nə kimi dəyişikliklər yaradır? |
Qızılca, suçiçəyi, skarlatina, epidemik parotit və s. bu kimi infeksiyaların uşaq infeksiyaları” adlandırılmasının səbəbini araşdırın. Araşdırmanın nəticəsini təqdim edin.
Orqanizmlərin xəstəliyə qarşı reaksiyası müxtəlif amillərdən asılı olaraq dəyişir. Buna yaş, sinir sistemi, endokrin və immun sistemlərin vəziyyəti, qidalanma, irsi amillər, normal mikroflora və s. təsir göstərir.
Məsələn, yaşlı insanlarda pnevmoniyanın gedişi, adətən, ağır tərzdə keçir. Buna səbəb yaşla əlaqədar olaraq timus vəzində baş verən dəyişiklik nəticəsində limfositlərin miqdarının və funksional aktivliyinin, həm də faqositar hüceyrələrin aktivliyinin azalmasıdır.
Uşaqların 6 aya qədər infeksion xəstəliklərə qarşı dözümlü olması onların spesifik anticisimləri plasenta vasitəsilə anadan almalarıdır.
Depressiyalar, yorğunluq, stress orqanizmdə immun sistemin zəifləməsinə səbəb olur. Eksperimental yolla sübut olunmuşdur ki, sinir sistemində baş verən dəyişikliklər infeksion xəstəliklərin gedişini ağırlaşdırır.
Endokrin sisteminin patologiyası da orqanizmin reaktivliyinin dəyişməsinə gətirib çıxarır. Məsələn, şəkərli diabet xəstələrində insulin hormonunun az ifraz olunması və ya heç ifraz olunmaması nəticəsində maddələr mübadiləsi pozulur və faqositlərin aktivliyi zəifləyir. Bu səbəbdən belə şəxslər irinli infeksiyaların törədicilərinə qarşı çox həssas olurlar.
Hipofiz vəzinin ifraz etdiyi boy hormonunun (somatotrop) çatışmaması timus vəzinin inkişafdan qalmasına və immun reaksiyaların zəifləməsinə gətirib çıxarır. Somatotrop hormonu maddələr mübadiləsinin bütün növlərinin tənzimlənməsində əhəmiyyətli rol oynadığından onun azlığı bu proseslərin gedişində də ciddi dəyişikliklərə səbəb olur.
Keyfiyyətli qidalarla qidalanmadıqda və uzun müddət ac qaldıqda infeksion xəstəliklərə qarşı həssaslıq artır. Ona görə də bu qrup xəstəliklər “sosial xəstəliklər” adlandırılır. Qidanın tərkibində zülal çatışmazlığı maddələr mübadiləsinin normal gedişini pozur ki, bu da immunoqlobulin sintezinin zəifləməsinə səbəb olur.