İnfeksion prosesin baş verməsi üçün vacib şərtlərdən biri patogen mikroorqanizmlərin olmasıdır. Bu mikroorqanizmlər toksinlər ifraz edərək sahib hüceyrələrinin morfoloji strukturlarına təsir göstərir və xəstəlik törədir.
Bu amillər kompleks halda təsir göstərərək mikroorqanizmlərin sahib orqanizmlərin hüceyrə və toxumalarına yapışmasına səbəb olur.
Sahib orqanizmin hüceyrələrinə yapışmayan mikroorqanizmlər hüceyrə səthindən selik və digər mayelərlə yuyularaq kənarlaşdırılır, yoluxma prosesi baş vermir.
Mikroorqanizmlərin sahib orqanizmin hüceyrələrinə yapışması infeksion prosesin ilk və mühüm mərhələsidir. Bu prosesin həyata keçirilməsi mikroorqanizmlərin və sahib orqanizm hüceyrələrinin səthində olan xüsusi strukturlarla əlaqədardır.
Səthi strukturlar qram-mənfi bakteriyalarda xarici membranın zülal və lipopoli- saxaridləri, qram-müsbət* bakteriyalarda isə səthi zülallarla bərabər, həm də qliserin teyxoat turşusudur*. Viruslarda sahib orqanizmlə qarşılıqlı təsir kapsid zülallar və qlikoprotein çıxıntıları, kapsulalı bakteriyalarda isə kapsula polisaxaridləri və polipeptidləri vasitəsilə həyata keçirilir.
Sahib hüceyrənin səthində müvafiq strukturlar (reseptorlar) olduqda onlar infeksiyalara yoluxa bilir. Bu strukturların miqdarından asılı olaraq orqanizmlər həssas (reseptorlar çox) və qeyri-həssas (reseptorlar az) olur.
Mikroorqanizmlər sahib orqanizmin hüceyrələrinə yapışdıqdan sonra müvafiq sahədə çoxalır və məskunlaşır. Bu proses hüceyrələrin səthində və daxilində baş verə bilir.
Məsələn, vəbanın törədiciləri nazik bağırsaq epiteli hüceyrələrinin səthində, dizenteriyanın törədiciləri isə yoğun bağırsaq epitelisi hüceyrələrinin daxilində çoxalır.