Çirkab suları, adətən, zərərsizləşdirildikdən sonra dəniz və çaylara axıdılır.Bu sular hövzələrin çirklənmə mənbəyi ola bilir. Ona görə də müəyyən hallarda sanitar-bakterioloji müayinə obyekti olur.
Qrunt suları torpaq qatlarından süzülərək toplandığından tərkibində mikroorqamzmlərin miqdarı az olur.
Açıq su hövzələri - çaylar, göllər, dənizlər - insan və heyvan ifrazatı ilə zəngin torpaq vasitəsilə çirkləndirilir.
Mərkəzləşdirilmiş su kəmərlərinə ötürülən su müəyyən hövzələrdən götürülür və zərərsizləşdirilir (xlorlaşdırılır və s.). Burada mikrobioloji nəzarət mövcuddur, tənzimləmə sanitariya normalarına əsasən həyata keçirilir.
Su hövzələrində öz-özünə gedən tənzimləmə prosesinə baxmayaraq, su bəzi yoluxucu xəstəliklərin mənbəyi hesab olunur. Bu xəstəliklər içərisində bağırsaq infeksiyaları xüsusi yer tutur. Su vasitəsilə yoluxan xəstəliklərə qarın yatalağı, dizenteriya, vəba, salmonelloz və s. aiddir. Tarixdən də məlumdur ki, vaxtilə vəba xəstəliyi su ilə yayılaraq pandemiyalara səbəb olmuşdur.
Ölkəmizdə su təchizatı üzərində daimi nəzarət həyata keçirilir. Suyun sanitar göstəricisi bağırsaq çöpləridir. 1 ml suda olan bağırsaq çöplərinin sayı (mikrob ədədi) 100-dən artıq olmamalıdır.
M A R A Q L I D I R ! |
İstehlakçılara verilən içməli su Dövlətlərarası Standartlara uyğun
olaraq, orqanoleptik (iy,
dad, rəng, bulanıqlıq və s.), fiziki-kimyəvi, sanitar-bakterioloji normalara cavab
verməlidir.
Bu gün mənbələrdə təmizləndikdən sonra paylayıcı şəbəkələrə ötürülən içməli suyun
orqanoleptik
və sanitar-bakterioloji (bağırsaq çöplərinin sayı, ümumi bakteriyalar, viruslar və s.)
göstəriciləri Dövlətlərarası Standartlara tam uyğundur.
|
Suda olan mikroorqanizmlərin zərərsizləşdirilməsi üçün sterilizasiya və dezinfeksiya üsullarından istifadə olunur. Suyun qaynadılması oradakı mikroorqanizmləri və onların sporlarını, əsasən, məhv edir. İri yaşayış məntəqələrinin su təchizatı üçün istifadə olunan mənbələrdə su, əsasən, xlorlaşdırılmaqla zərərsizləşdirilir. Bu məqsədlə bəzən ozonlaşdırma da tətbiq edilir.