Su mənbələri müxtəlifdir. Mənbələr fərqli olduğu kimi, onların mikroflorası da fərqlidir.
Müxtəlif su mənbələrində mikroorqanizmlərin miqdarı necə dəyişə bilər? | |
Bu dəyişkənliyin baş verməsinə səbəb nədir? |
İçdiyiniz suda canlı varmı? Su damcısında nə gördünüz?
• Təmiz stəkan götürün və ona içməli su tökün. Sonra stəkandakı sudan pipet vasitəsilə bir neçə damcı götürərək steril əşya şüşəsinin üzərinə damızdırın. Steril örtük şüşəni götürüb damcıların üzərini örtün. Preparatı mikroskop altında müşahidə edin.
• Pipet vasitəsilə gölməçə suyu götürüb yuxarıdakı üsulla təcrübə apararaq onlara orta böyütmə
ilə zəif işıqlanmada baxın.
• Akvarium varsa, oradan bir neçə damcı su götürərək təcrübəni təkrarlayın. Müşahidə edin və suları müqayisə edin.
(Əgər qış fəslidirsə, qardan və ya buzdan da istifadə edə bilərsiniz. Buz əriyən zaman tərkibi gölməçə suyundan fərqlənmir.)
Təbii su mənbələri öz-özünü tənzimləmə xüsusiyyətinə malikdir. Bu proses müxtəlif fiziki, kimyəvi və bioloji amillərdən asılıdır. Tənzimləmənin getməsinə baxmayaraq, su hövzələri bir çox mikroorqanizmlər üçün əsl yaşayış mühiti olur. Bunların içərisində torpaq mikroorqanizmlərinə, bağırsaq mikroflorasının nümayəndələrinə rast gəlinir. Bəzi bağırsaq mikroorqanizmləri (enterokoklar*) suda fəaliyyətlərini bir neçə gün saxladıqları halda, bəziləri isə həftələr və aylarla davam etdirir. Buna görə də suda olan mikroorqanizmlərin növlərinə və miqdarına əsasən suyun çirklənmə dərəcəsini təyin etmək mümkündür.
Açıq su hövzələrində (dənizlər, göllər, çaylar) torpaq mikroorqanizmlərinə daha çox rast gəlinir.
Yaşayış məntəqələrinin ərazisində olan axar çayların suyunda insanın bağırsaq mikroflorasının növlərinə daha çox rast gəlinir. Yaşayış ərazilərindən uzaqlaşdıqca özünütənzimləmə prosesi nəticəsində onların sayları azalır. Öz-özünü tənzimləmə nəticəsində suda saprofit mikroorqanizmlərinin miqdarı da tənzimlənir.
Tənzimlənmənin başlıca səbəbi su hövzələrində olan iri hissəciklərin çökməsidir. Şəffaf su Günəş şüalarını yaxşı keçirdiyindən oradakı mikroorqanizmlərin bir qismi məhv olur və onların sayı azalır.