Heyvanların həyatında qazanılmış etoloji uyğunlaşma da mühüm rol oynayır. Məsələn, meymunların ən uzaq şimalda yaşayan növü - yapon makakası meymunlara xas olmayan həyat tərzinə keçib. Qışda soyuqlar düşəndə bu heyvanlar dağlardan termal su mənbələrinə düşür və burada uzun müddət ilıq suda qızınaraq yaşayırlar.
Uyğunlaşmanın nisbi xarakteri. Orqanizmlərin bütün uyğunlaşmaları müəyyən mühit şəraitində təkamülün hərəkətverici qüvvələrinin (amillərinin) təsiri altında yaranır. Əgər bu şərait dəyişərsə, uyğunlaşma orqanizmlər üçün az əhəmiyyət daşıyır, başqa sözlə desək, o, nisbidir. Canlılarda tam
uyğunlaşma yoxdur, orqanizmlər həmişə dəyişən mühit şəraitinə uyğunlaşmaq məcburiyyətindədirlər.
Orqanizmlərin nisbi uyğunlaşmalarına dair bəzi nümunələr:
1. Orqanizmlərin bir düşməndən qorunmaq üçün həyata keçirdiyi qoruyucu uyğunlaşma başqa düşmənlə qarşılaşan zaman təsirli olmur. Belə ki, zəhərli ilanları onların zəhərinə qarşı davamlı olan manqustlar, kirpilər yeyir. Tısbağanın zirehi onu qartalın hücumundan qorumur. Qartal tısbağanı göyə qaldırır, sonra isə onun zirehini qırmaq və ətindən istifadə edə bilmək üçün bərk bir yerə çırpıb çanağı sındırır.
2. Orqanizmlərin davranış məqsədəuyğunluğu bəzən faydalı olmaya bilər. Məsələn, gecə kəpənəkləri elektrik lampasının işığını erkək fərdlərin onlara göndərdiyi siqnallar hesab edir və işığa doğru uçur, nəticədə qanadları yanaraq tələf olur.
3. Bir şəraitdə faydalı olan orqan başqa bir şəraitdə yararsız ola bilir. Məsələn, kartof bitkisinin gövdəsinin bir hissəsini qaranlıqda saxladıqda həmin yerüstü hissədə də gövdə yumruları əmələ gəlir, lakin onlar tez bir zamanda quruyur və tökülür.
Deməli, təkamül amillərinin qarşılıqlı əlaqəsi nəticəsində yeni uyğunlaşmalar yaranır və ya mövcud olanlar təkmilləşir.
Bir populyasiyadan olan fərdlərdə fərqlər o qədər azdır ki, sərbəst cütləşmə zamanı onlar növün uzun müddət qorunub saxlanmasını təmin edir. İzolyasiya şəraitində bu fərqlər yeni növlərin əmələ gəlməsinə gətirib çıxarır.