İkinci növ maskalanma - mimikriya müdafiəsiz orqanizmlərin (təqlidçi) müdafiə olunanlara (modellərə) oxşarlığına əsaslanır. Belə ki, şüşə-kəpənək arıya oxşayır, adi gicitkən xarici görünüşü ilə yandırıcı gicitkəni xatırladır.
Passiv qoruma vasitələri orqanizmin yaşamaq uğrunda mübarizədə qorunub saxlanılması ehtimalını artırır. Molyuskların çanaqları, kirpilərin iynələri onları düşmənlərdən qoruyur. Yemişanın tikanları bu bitkinin otyeyən məməlilər tərəfindən yeyilməsinin qarşısını alır.
2. Fizioloji uyğunlaşma. Bu uyğunlaşma maddələr mübadiləsinin özünütənzimləmə mexanizmi və enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlanmasını
təmin edir. Belə ki, havanın temperaturu aşağı düşdükdə yarasalarda maddələr mübadiləsi zəifləyir və onlar qış yuxusuna gedirlər. Digər məməlilərdə isə əksinə, havanın temperaturu aşağı düşdükdə orqanizmdə maddələr mübadiləsi sürətlənir, daha çox enerji ayrılır, ancaq istilikvermə zəifləyir. Yaxşı inkişaf etmiş dərialtı piy qatı və sıx tük örtüyü sayəsində istiliyin xaricə verilməsi azalır.
3. Biokimyəvi uyğunlaşma. Orqanizmin hüceyrələrində baş verən biokimyəvi reaksiyalarda özünü büruzə verir. Məsələn, eritrositlərdə yerləşən hemoqlobin molekullarının ancaq müəyyən hissəsi qazları birləşdirib daşımaq funksiyasını yerinə yetirir. Əgər hemoqlobinin bu cür dar biokimyəvi uyğunlaşması olmasaydı, onda oksigen hüceyrənin digər kimyəvi maddələrini oksidləşdirərdi, bu isə orqanizmdə bütün biokimyəvi reaksiyaların pozulmasına gətirib çıxarardı.
4. Etoloji (davranış) uyğunlaşma. Bu cür uyğunlaşma sinir sistemi yüksək səviyyədə inkişaf etmiş heyvanlara xasdır. Heyvanların ayrı-ayrı fərdlərinin və ümumilikdə növün sağ qalmasına yönələn müxtəlif davranış formalarında özünü büruzə verir. Anadangəlmə və qazanılmış etoloji uyğunlaşma mövcuddur. Anadangəlmə etoloji uyğunlaşmaya cütləşmə zamanı davranış, nəslin bəslənməsi və qorunması, yırtıcılardan qorunmaq, miqrasiya və s. aiddir.