Orqanizmlərdə yaranan yeni əlamətlərin bəziləri yaşamaq üçün həlledici hesab olunur, hətta əhəmiyyətsiz dəyişiklik belə onların həyat qabiliyyətinə təsir göstərir. Gələcəkdə mühit şəraitində baş verə biləcək gözlənilməz dəyişikliklər zamanı digər əlamətlər də yenidən formalaşa bilər.
Orqanizmlərin mühitə uyğunlaşmasını sübut edən faktlar təsvir oluna bilməyəcək qədər çoxdur. Onlardan bəziləri aşağıdakılardır:
1. Morfoloji uyğunlaşma. Bu cür uyğunlaşmaya orqanizmlərdə rast gəlinən müxtəlif rəng və bədən formalarını misal göstərmək olar.
Mühitəuyğun rəng. Əgər ətraf mühit eyni rəngdədirsə, açıq sahədə yaşayan növlərdə rəng mühitə uyğun olur (qışda ağ dovşanın xəzinin ağ rəngi). Əgər sahədə işıq və kölgə bir-birini əvəzləyirsə, rəng bölünmüş (açıq və tünd zolaqlar) formada olur. Qoruyucu rəngin əhəmiyyəti müvafiq davranışa uyğun olaraq güclənir. Məsələn, bəzi heyvanlar təhlükə zamanı yerində donub qalır ki, bu da onları daha da görünməz edir.
Xəbərdaredici rəng. Əsasən, mühafizə vasitələrinə malik olan növlərdə (sancan və ya zəhərli həşəratlar, yeyilməyən və yandıran bitkilər) rast gəlinir. Təbii seçmə prosesində onlarda zəhərli ifrazatla yanaşı, parlaq, adətən, qırmızı- qara, sarı-qara rənglər də (parabüzənlər, arılar, ağac qurbağaları) əmələ gəlmişdir. Bu cür rənglərdə bəzi heyvanlar təhlükə anında dayanır, yırtıcıya parlaq ləkələri göstərir, bununla da düşməni çaşdırır və qorxudur.
Maskalanma. Bədən forması vasitəsilə qorunma üsuludur. İki növ maskalanma mövcuddur. Birinci növ maskalanma zamanı orqanizm öz xarici görünüşü ilə hər hansı hərəkət edə bilməyən əşyaya - budağa, daşa və s. oxşayır. Belə maskalanmaya həşəratlardan - çubuq həşəratda (çöpcə), dəvədəlləyində, balıqlardan - kambala, dəniz atı və s. rast gəlinir.