Quraqlığa qarşı uyğunlaşmalar. Yarpaqları tikana və ya pulcuğa çevrilmişdir. Yarpaq və gövdələrində su toplanır, yarpaqların üzəri mum təbəqəsi ilə örtülür, kökləri çox dərinə gedir, bəzilərinin ömrü çox az olur.
Orqanizmlərdə uyğunlaşmaların yaranması. Bu proses iki ardıcıl mərhələdən ibarətdir: 1) populyasiyanın fərdlərində irsi dəyişkənliyin yaranması; 2) müəyyən mühit şəraitinə uyğun olaraq təbii seçmənin təsiri altında irsi dəyişkənliyin saxlanılması.
Hələ Ç.Darvin orqanizmlərin uyğunlaşmasını araşdıran zaman müəyyən etmişdir ki, embrional inkişaf zamanı sürünənlər, quşlar və məməlilərdə başın skeletinin sümükləri elə birləşir ki, xarici təzyiq zamanı kəllə öz formasını dəyişə bilir. Sürünənlər və quşlar üçün əhəmiyyətsiz olan bu xüsusiyyət məməlilər üçün faydalı olmuşdur. Çünki bunun sayəsində doğuş zamanı dölün dar doğuş yollarından keçməsi nisbətən asanlaşmışdır. Ç.Darvin bitki zoğlarının böyüməsi zamanı onların fırlana bildiyini də aşkar etmişdir. Bu xüsusiyyət isə bitkilərdə sarmaşan, ilişən və dırmaşan gövdə formalarının yaranmasına səbəb olmuşdur. Canlılarda yaranan ilk uyğunlaşma əlamətləri ilkin adaptasiya adlanır.