Eyni bir mühit şəraitində müxtəlif əlamətlərə görə fərqlənən formaların meydana çıxmasını durnabalıqlarında da müşahidə etmək mümkündür. Qida az olan sularda yaşayan balıqlarda qida uğrunda növdaxili mübarizə gedir. Böyük balıqlar kiçik balıqları yeyir və sürətlə böyüyür. Kiçik durnabalıqları isə planktonlarla qidalanır və kiçikölçülü olur. Bu da onlarda iki variasiyanın təzahür etməsinə səbəb olur.
Təbiətdəki şeçmə ilə yanaşı, antropogen dövrdən başlayaraq bəzi canlılar həm də süni seçmə nəticəsində seçilməyə başlamışdır.
Təbii seçmə həyat yaranandan, süni seçmə isə insanlar heyvanları əhliləşdirməyə, bitkiləri mədəniləşdirməyə başladığı dövrdən indiyədək davam edir.
Təbii seçmə bütün canlı orqanizmlərə istənilən yaşda təsir göstərir. O, istiqamətlənmiş xarakter daşıyır və elə fərdləri seçir ki, onlar mövcud həyat şəraitinə daha yaxşı uyğunlaşmış olur və döllü nəsil verir.