Məsələ ondadır ki, bu şəhərdə hava kükürd qazı və hislə olduqca çirklənmişdi. Nəticədə şibyələr məhv olmuş, ağacların qabığı isə hisdən qaralmışdı. Təbii maskalayıcı fon yoxa çıxmış, açıq rəngli fərdlər tünd qabığın fonunda daha görünən olduğundan həşəratyeyən quşlar onları tünd rəngli fərdlərdən daha çox yeməyə başlamışdır.
Hərəkətverici seçmənin digər nümunəsi bəzi xəstəliktörədən bakteriyalarda, zərərverici həşəratlarda, siçovul və siçanlarda antibiotik və kimyəvi zəhərlərə qarşı dözümlülüyün əmələ gəlməsidir. Tədqiqatlar göstərir ki, bu orqanizmlərin hər növbəti nəslində bu cür preparatlara qarşı həssaslıq daha da azalır. Bu halda antibiotiklər və kimyəvi zəhərlər yeni, daha davamlı populyasiyaların sağ qalmasını təmin edən seçici amillər kimi çıxış edir.
Deməli, bu cür seçmə xarici mühit şəraiti əhəmiyyətli dərəcədə dəyişən zaman fərdlərin əsas kütləsi belə şəraitə uyğunlaşa bilməyəndə təsir göstərir. Bu halda əlamətin orta göstəricisindən son dərəcə kənara çıxmalara malik fərdlər üstünlük əldə edir. Belə fərdlər dizruptiv (parçalayıcı) seçmənin materialı kimi çıxış edən yeni dəyişkənliyə malik olur. Bu zaman əvvəlki əlamətin variasiya əyrisi ikiyə bölünür.
Dizruptiv (parçalayıcı) seçmə* - təsir göstərərkən orta həddən kənara çıxan fərdlərin sayı artır. Bu fərdlər müxtəlif həyat şəraitinə uyğunlaşır və nəticədə bir neçə yeni növ yaranır. Əlamətin orta göstəricisindən bu cür kənara çıxmalara ən çox mutasiyaya uğramış genotipləri olan homoziqot fərdlərdə rast gəlinir. Buna görə də parçalayıcı seçməni mutasiyaya uğramış homoziqotların (a' a' və ya A'A') xeyrinə seçmə adlandırmaq olar. Bu cür seçmə bir ərazidə yaşayan populyasiyanın bir neçə qrupa bölünməsinə, bu isə yekunda polimorfizmə*, yəni populyasiyada bir-birindən müəyyən əlamətə görə fərqlənən formaların (qrupların, variasiyaların) mövcud olmasına gətirib çıxarır. Parçalayıcı seçmənin təsiri ilk dəfə rus alimi Nikolay Vasilyeviç Tsinger tərəfindən araşdırılıb. O, biçilən çəmənlərdə yarımparazit bitki çınqıllıqotunun iki variasiyasının mövcud olmasını aşkar edib.
Tezçiçəkləyən bitkilər iyunda - biçin vaxtından əvvəl, gecçiçəkləyən variasiya isə avqustda - biçin vaxtından sonra çiçəkləyir. Beləliklə, tezçiçəkləyən və gecçiçəkləyən çınqıllıqotunun populyasiyaları bir ərazidə yetişməsinə baxmayaraq, bir-birindən genetik təcrid olunmuşdur.