Təbii seçmənin formaları çoxdur. Onlardan ən əsasları - stabilləşdirici, hərəkətverici və parçalayıcı (dizruptiv) seçmədir.
Stabilləşdirici seçmə. Dəyişməyən mühit şəraitində əlamətin orta göstəricisindən kənara çıxmayan canlılar sağ qalır. Məsələn, fırtına zamanı İngiltərədə uzun və qısaqanadlı sərçələr məhv olmuş, orta qanadlı sərçələr salamat qalmışlar. Daha bir nümunəni nəzərdən keçirək. Boz dovşanın qulaq seyvanının ölçüsü onların bədən ölçülərindən fərqli olaraq az dəyişir. Demək olar ki, bu əlamət sabitdir və istiliyin tənzimlənməsi prosesi dovşanların qulaq seyvanlarındakı qan kapilyarlarının fəaliyyəti ilə həyata keçirilir. Qısa qulaqlı dovşanlar yayda həddən artıq istidən, uzun qulaqlı dovşanlar isə qışda həddən artıq soyuqdan daha tez məhv olurlar. Seçici amil kimi, temperaturun mövsümi dəyişkənliyi əsas rol oynayır.
Stabilləşdirici seçmənin digər bir nümunəsi reliktlərin və ya “canlı qazıntıların” milyonlarla il ərzində, demək olar ki, dəyişməməsidir: Məsələn, Yeni Zelandiyada hatteriya, sümüklü balıqlardan latimeriya, çılpaqtoxumlu bitki ginqko və s. belə canlılardır. Bu növlərin mövcudluğu onların yaşayış şəraitinin dəyişməməsi ilə əlaqədardır.
Hərəkətverici seçmə. Hərəkətverici seçmə haqqında təsəvvürləri hələ Ç.Darvin qeyd etmişdi. Buna görə də bəzən o, Darvin seçməsi adlandırılır. Bu seçmə nəticəsində ətraf mühitin dəyişkən şəraitində orqanizmlərdə köhnə əlamətlər tədricən dəyişir və yeni əlamətlər əmələ gəlir. Bu zaman populyasiyada yeni şəraitə uyğunlaşan fərdlər sağ qalır və variasiya əyrisi müəyyən istiqamətdə yerini dəyişir.
Hərəkətverici seçmə populyasiyada əvvəl müəyyən olunan əlamətin orta göstəricisindən faydalı kənara çıxmaların olduğu fərdlərin xeyrinə seçmədir. Populyasiyada bu cür kənara çıxmalara daha çox heteroziqot fərdlər malikdir, buna görə də hərəkətverici seçməni heteroziqotların (Aa) xeyrinə seçmə adlandırmaq olar.
Hərəkətverici seçmənin təbiətdə təsirinin nümunəsi kimi tozağacı qarışcası kəpənəyində (gecə kəpənəyi) rast gəlinən sənaye melanizmini göstərmək olar. Populyasiyada iki cür kəpənək mövcuddur: açıq və tünd rənglilər. Qanadları açıq rəngli kəpənəklər gündüz vaxtı yaşadığı ağacların qabığında rast gəlinən şibyələri təqlid edir. Şibyələrin bol yayıldığı kənd yerlərində tünd rəngli növlərdən daha çox açıq rənglilərə rast gəlinir. Lakin ən iri sənaye şəhərlərindən biri olan Mançesterin ətrafındakı populyasiyada tünd rəngli kəpənəklər üstünlük təşkil edir.