Koloniyada daxili qatda yerləşən hüceyrələrin yeri sıx olduğu üçün onlar sanki təpəciklər əmələ gətirir və ondan ayrılırdı. Ayrıldıqdan sonra isə suda sərbəst üzür və yeni koloniyalara çevrilirdi.
Koloniyalarda dəyişikliklər onların üzən formalarının yaranmasına və hüceyrələrin ixtisaslaşmasına imkan yaratmışdır. Hüceyrələrində ixtisaslaşma gedən koloniyalar hələ çoxhüceyrəli deyildi. Onlarda toxumalar yox idi. Hüceyrələri isə asanlıqla bir-birinə çevrilə bilirdi. Üzən koloniyaların fəaliyyəti onun hərəkətindən asılı olur. Bəlkə də, təkamülün bir addımı da qamçılı hüceyrəlilərin koloniyaların xaricinə, amöbəbənzərlərin isə daxili qatına toplanması olmuşdur.
Beləliklə, ikiqatlı orqanizmlər yaranmışdır. Bu, çoxhüceyrəliliyin yaranmasına səbəb olan ilk addım idi. Güman edilir ki, bu yolla koloniyadan çoxhüceyrəli orqanizmin yaranması koloniyanın suyun dibindən qoparaq suyun üst qatına keçməsi nəticəsində mümkün olmuşdur. Bu orqanizmlərdə hərəkət və qidalanma üsulu dəyişməyə başlamışdır. İlk çoxhüceyrəlilərdə xarici qat hüceyrələri hərəkət, daxili qat hüceyrələri isə həzmə xidmət etmişdir. Elmi araşdırmalara görə, ilk çoxhüceyrəli orqanizmlər lövhəşəkillilər olmuşdur.