Bu dövrdə bəzi biopolimerlərdə qoruyucu membran da yaranmağa başlamışdır ki, bunun sayəsində hüceyrə formalaşmışdır. Canlı orqanizmlərdəki zülallar və nuklein turşuları müəyyən quruluşa malikdirlər. Bu qurluşu qorumaqda bioloji membran xüsusi əhəmiyyət kəsb edir. O həm hüceyrənin ətraf aləmdən qidalanmasını, həm də enerji ilə təmin olunmasını həyata keçirir. Bəs membran necə yaranmışdır? Onun yaranması haqqında elmi əsasını tapmayan bir sıra fərziyyələr söylənilmişdir.
Ehtimal olunur ki, nohurlarda suyun səthi lipid pərdəsi ilə örtülü olmuş, onların bir ucu (karbohidrogenli) xaricə, digər hissəsi isə suya yönəlmişdir. Suya yönələn hissə zülalları topladığı güman edilir. Bu zaman onlar külək vasitəsilə bir yerdən digər yerə aparılmış, suyun üstünə düşən kimi orada ikinci zülal-lipid qatı ilə örtülmüşdür. Beləliklə, müasir hüceyrələrin membranlarına bənzəyən membran formalaşmağa başlamışdır. Membranın əmələ gəlməsi haqqında digər fərziyyələr də vardır. Əvvəlcə tam formalaşmış quruluşu olmayan orqanizmlər, daha sonra isə formalaşmış birhüceyrəli orqanizmlər yarandı. İlk orqanizmlər heterotroflar olmuşdur. Onların sayı artdıqca qida maddələri azalmağa başlamışdır. Buna görə də yeni bir qidalanma forması - avtotrofluq meydana çıxmışdır. İlk avtotroflar xemosintezedicilər olmuşdur. Bundan sonra fotosintezedicilər yaranmışdır.