Əmələ gələn üzvi birləşmələrin sonrakı aqibəti necə ola bilərdi? Fikirlərinizi müzakirə edin.
Müasir təsəvvürlərə görə, həyatın əmələ gəlməsi 3 pillədə baş vermişdir.
Bu pillələrdə baş verənlər:
I pillə. Bəzi fərziyyələrə görə, yaranan birləşmələrin bir qismi güclü enerji sayəsində parçalanmışdır. Uçucu olan birləşmələr atmosferə, bir qisim maddələr isə suya keçmişdir. Suda yağ turşuları spirtlərlə birləşib lipid molekulları əmələ gətirmişdir ki, bu da suyun üzərində pərdə yaranmasına səbəb olmuşdur. Suyun içində isə şəkərlər və azotlu əsasların həll olmuş vəziyyətdə olduğu fərz edilirdi. Həmin dövrdə enerji mənbələrinin müxtəlif olduğu, biopolimerlərin daha əlverişli bir mühitdə yarandığı güman olunur. Amerikalı alim S.Foks bunu öz təcrübələrində araşdırdı və bu nəticəyə gəldi ki, o dövrdə okean sularında zülallar da yarana bilərdi. Alim güman edirdi ki, Günəş şüalarının və hava axınının təsirindən su buxarlanan nohurlarda amin turşuları qatılaşaraq biopolimerləşmiş və zülalları əmələ gətirmiş, yaranan zülalların da bir qismi fermentlərə çevrilərək nuklein turşuları və polisaxaridlərin yaranmasını sürətləndirmişdir.
II pillə. Bu pillə üzvi maddələrin qatılaşması prosesi hesab edilir. Alimlərin fikrincə, yaranan maddələrin qatılığı getdikcə artmağa başlamışdır. Ehtimal olunur ki, maddələr bir-biri ilə birləşib daha yüksək quruluşlu maddələrə çevrilmişdir. Belə kolloid məhlulları - koaservatlar* adlandırmışlar. Koaservat damlalarında canlıları xatırladan bir sıra xüsusiyyətlərin olduğu güman edilirdi. Onlarda ətraf mühitlə maddələr mübadiləsi getmiş - xarici mühitdə olan bəzi maddələri sanki udulmuş, bəzi maddələr isə xaric edilmişdir. Koaservatlarda damcıların böyüməsi, bəzən də böyük damcıların kiçik damcılara parçalanması baş vermiş, lakin özünütörətmə qabiliyyəti olmamışdır.
III pillə. Özünütörədən maddələrin əmələ gəlməsi pilləsidir. Güman olunur ki, ilkin özünütörətmə qabiliyyətinə malik maddələr polinukleotidlər olmuşdur. Polinukleotidlər yarandıqdan sonra özünütörətmə zamanı bəzən “səhvlər” baş vermişdir ki, bu da mutasiyaların meydana çıxması deməkdir.