Ağciyər, qaraciyər, yoğun bağırsaq, mədə və döş vəzisi xərçəngi ölüm hallarına səbəb olan əsas xərçəng növləridir. Ümumdünya Səhiyyə Təşkilatı xərçəngin yaranmasında ən böyük risk faktoru kimi siqareti qeyd edir. Bunun ardınca alkoqollu içkilər, qeyri-sağlam pəhriz və fiziki baxımdan qeyri- aktiv həyat tərzi göstərilir.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
Əldə olunan məlumatlara görə, hər il dünya əhalisinin 6,5-7 milyon nəfəri xərçəng xəstəliyinə tutulur. 4 milyondan çox adam bu xəstəlikdən dünyasını dəyişir. |
Xərçəng xəstəliyinin irsən ötürülməsi mübahisəli məsələ olmuşdur. Demək olar ki, xərçəng irsən ötürülmür. Ancaq orqanizmdə xərçəngə meyillilik müşahidə olunur. Xərçəngin əmələ gəlməsində düzgün qidalanmama xüsusi yer tutur.
Normal hüceyrələrlə xərçəng hüceyrələrinin xüsusiyyətlərini fərqləndirək:
■ nəzarətli bölünmə ■ nəzarətli inkişaf ■ nizamlı təbəqələşmə ■ ixtisaslaşmış hüceyrələr ■ normal nüvə |
■ nəzarətsiz bölünmə ■ nəzarətsiz inkişaf ■ nizamsız təbəqələşmə ■ ixtisaslaşmamış hüceyrələr ■ normal olmayan nüvə |
Xərçəng xəstəliyinin törənməsində ehtimal olunan amillərdən biri də maddələr mübadiləsi ilə orqanizmdən zərərli məhsulların vaxtında kənarlaşdırılmamasıdır. Nəticədə həmin maddələr hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə şərait yaradır.
Xərçəng xəstəliyinə səbəb olan amillərə zərərli vərdişlər də aid edilir. Siqaret, alkoqollu içkilər, narkotiklərdən istifadə bir çox orqanlarda xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Spirtli içkiləri müntəzəm qəbul edən insanlarda mədə, qida borusu, bağırsaq və qaraciyər xərçənginə daha çox təsadüf olunur.
Daim siqaret çəkənlərdə pnevmoniya, plevrit, vərəm, bronxit, traxeit və s. xəstəliklərə təsadüf olunur ki, bu da xərçəngə zəmin yaradır.
Deməli, xərçəng şişləri birdən-birə yaranmır. Müxtəlif xəstəliklərə laqeyd yanaşma onların yaranmasına imkan yaradır. Xəstəlikləri vaxtında aşkar etmək xərçəng xəstəliyinin qarşısını ala bilər.
Şəxsi gigiyena qaydalarına əməl etmək də xərçəng xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır. Düzgün qidalanmaq, dərini təmiz saxlamaq, Günəş şüalarından qorunmaq, düzgün istirahət etmək, zədələnmiş orqan və toxumaların müalicəsi ilə vaxtında məşğul olmaq sizi bu xəstəlikdən qoruyar.
Xərçəng xəstəliyinin müalicəsində kimyəvi terapiya və radioterapiya metodlarından istifadə olunur. Bu zaman xərçəng hüceyrələrinin böyümə və çoxalma prosesləri ləngiyir.