Hüceyrələr bölünən zaman onlara xüsusi zülallar nəzarət edir. Bu zülallar əksər hüceyrələrdə eynidir. Zülalların nəzarəti normal olmazsa, bölünmə zamanı bəzi çatışmazlıqlar yarana bilər. Bunlardan ən çox yayılanlarından biri də şişlərdir.
Lipoma, kista, fibroma, sarkoma, qlioma, adenoma, nevroma adı verilmiş xəstəliklərdən hansılar haqqında məlumatınız var?
Hüceyrənin bölünməsi zamanı interfazada tənzimləyici zülalların miqdarı artır. Bunun nəticəsində hüceyrənin növbəti mərhələyə keçməsi sürətlənir və eyni zamanda bölünməsi təmin edilir. Bölünməsi başa çatmış hüceyrə yenidən bölünməyə başlamaq üçün lazım olan siqnalları bu zaman alır. Nəzarətçi zülalların müxtəlif növlərinin öz vəzifələri vardır. Onların bir qismi “dayan”, bir qismi isə “davam et” siqnalları ilə bölünməni tənzimləyir.
Hüceyrənin bölünmə ardıcıllığı (həyat tsikli)
Presintetik (G1) → Sintetik (S) → Postsintetik (G2) → Mitoz (M)
Hüceyrələrin normal bölünməsi zamanı göstərilən mərhələlər ardıcıl surətdə bir-birini əvəz edir. Yəni mərhələnin birinin bitməsi digərinin başlanması üçün siqnaldır. Ancaq bəzən DNT-nin ikiləşməsi zamanı bəzi pozulmalar (mutasiyalar) baş verir ki, bu zaman hüceyrənin bölünməsinin normal gedişi pozulur. Hüceyrələr bölünmə faktorunun olmamasına baxmayaraq, bölünmələrini davam etdirir. Bu zaman toxumaların patologiyası baş verir, bu isə şişlərin əmələ gəlməsinə səbəb olur. Deməli, şişlər normal toxuma hüceyrələrindən inkişaf edir.