Onlar faydalı məsləhətlərə məhəl qoymur, ailə qayğısına qalmırlar. Ailədə münaqişələr, narazılıqlar başlayır, sonda boşanma baş verir.
• Mənafe güdərək qurulan ailələrdə tez-tez münaqişələr baş verir. Münaqişələr ailə bünövrəsini sarsıdır və nəticə etibarilə bu ailənin dağılmasına gətirib çıxardır.
Hələ də cəmiyyətdə elə insanlar vardır ki, övladlarının ailə həyatı qurmasına maddi gəlir mənbəyi kimi baxırlar. Hətta gənclər arasında da belə düşünənlər az deyil. Belə düşüncələrlə qurulan ailə xoşbəxt sonluqla nəticələnmir. Çox vaxt onların xəyalları boşa çıxır, hətta ailələr dağılır.
• Qohum nikahlar irsi xəstəliklərin meydana çıxmasına səbəb olur. Bilirsiniz ki, xəstəlik daşıyan genlərin çoxu resessiv olur.
Qohum evlilik zamanı resessiv genlərin bir orqanizmə düşməsi, yəni dominant genin olmaması xəstəliklərin fenotipcə üzə çıxmasına imkan yaradır. Statistik məlumatlara görə, qan qohumu olan valideynlərin övladlarının 3-5%-i anadangəlmə qan xəstəlikləri ilə doğulurlar. Bir çox irsi xəstəliklərə də (şəkərli diabet, lal-karlıq, şizofreniya və s.) elə bu hallarda daha çox təsadüf olunur.
• Ailə qurmaq çətindir. Gələcək həyat yoldaşınla sənin hislərin və mövqelərin üst-üstə düşəcəkmi, ailəyə təsir edənlər varmı və s. bu kimi məsələlər ailəyə öz mənfi və müsbət təsirini gələcəkdə göstərir. Bu məsələlərin çözümündə təmkin və səbirlə hərəkət edən cütlüklər uğurlu ailə qurmağa nail ola bilirlər. Ailə qurulan zaman yaş fərqinin çox olması fikirlərin üst-üstə düşməməsinə səbəb olur ki, bu da nəticədə ailənin dağılmasına şərait yaradır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı", “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası" və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması" təsdiq edilib.
• Çox vaxt valideynlər övladlarını evləndirməyə tələsirlər. Həddi-büluğa çatmayanların evləndirilməsi bəzi bölgələrimizdə özünü göstərir. Uşaqlığını hələ başa vurmayan, ailə məsuliyyətini başa düşməyən, ailə qurmağa hazır olmayan şəxslər arasında bağlanan belə nikahlar çox nadir hallarda uğurlu olur.