Uzun illərin təcrübəsi sübut etmişdir ki, insanlar bir-birindən təcrid olunmuş halda yaşaya bilməzlər. İnsan sosial varlıqdır. Onun həyatı digər insanların həyatı ilə əlaqəlidir və onların arasında qarşılıqlı münasibətlər vardır. Ailədə nə kimi qarşılıqlı münasibətlər mövcuddur?
İnsanlar arasında şəxsi qarşılıqlı münasibətlərin müxtəlif formalarına rast gəlinir. Tanışlıq, dostluq, yoldaşlıq, qohumluq və s. buna misal ola bilər. Bu münasibətlərin qurulması insanların xasiyyətindən, xarakterindən, şəxsiyyətindən və s. asılıdır. Qarşılıqlı münasibətlərin içərisində ailə münasibətləri xüsusi yer tutur.
İnsan həyatının çox hissəsini ailəsində həyat yoldaşı, övladları və digər ailə üzvləri ilə birlikdə keçirir. Ailə üzvləri arasında yaranan münasibətlər onların ünsiyyətində özünü göstərir. Mədəni ünsiyyət münasibətləri nizamlayır və insanları mehribanlaşdırır.
Sağlam ailə hansı ailəyə deyilir? Fikirləşin və fikirlərinizi yoldaşlarınızla müzakirə edin.
Ailə münasibətləri bütün dövrlərdə insanları və dövləti düşündürən əsas məsələlərdən biri olmuşdur. Çünki ailənin hansı təməl üzərində qurulması, övladların necə tərbiyə olunması millətin və dövlətin gələcəyini şərtləndirən əsas amildir.
Ailənin qurulmasının əsas şərti nikahdır. Əgər nikah məhəbbət əsasında qurularsa, bu ailənin sağlam ailə ola biləcəyi gözlənilir. Çünki məhəbbət nikaha qədər yaranır, nikahdan sonra daha da güclənir və xoşbəxt, mehriban ailənin təməlinə çevrilir. Ailədə körpənin dünyaya gəlməsi ailə bünövrəsini daha da möhkəmləndirir.
Rəsmi nikah Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) adlanan dövlət qurumu tərəfindən qeydiyyata alınaraq həyata keçirilir. Bu, ailə üzvlərinin hüquq və vəzifələrini müəyyən edir. Bunun üçün iki şərt vacib hesab olunur: