Ümumiyyətlə, belə xəstələr qeyri-adi fikirləri və şikayətləri, qəribə davranışları, dəyişkən əhvali-ruhiyyələri ilə seçilirlər.
Xroniki psixozlar - şizofreniyalı xəstələr intihar və psixoaktiv maddələrin qəbulu zamanı somatik xəstəliklərin yaranmasının yüksək riskinə malik olurlar. Belə xəstələr və onların ailə üzvləri utanma, günah hisləri keçirir və zəruri yardım üçün müraciət etmirlər.
Kişilərdə bu xəstəlik ən çox 15-25 yaş arasında, qadınlarda isə 25-35 yaş və menapauzadan öncəki dövrdə - 40-45 yaş arasında müşahidə olunur. Müasir təsəvvürlərə görə, şizofreniya - düşüncə, qavrama, emosiya, iradə, davranış kimi psixi sferaların pozuntusu şəklində nəzərdən keçirilir.
Psixozlu xəstələrlə rəftara xüsusi diqqət yetirilməlidir. Stress törədən və qıcıqlandırıcı amillərin təsirini minimuma endirmək üçün xəstəni tənqid etməkdən, onunla qarşıdurma yaratmaqdan uzaq olmaq lazımdır. Bəzən xəstə düşmənçilik mövqeyi də nümayiş etdirə bilər. Bu zaman təhqiredici ifadələrə cavab vermədən onun dediklərinə susqunluqla və ya yumşaq formada reaksiya verməlidirlər. Belə xəstələri düşündüklərindən daşındırmaq mümkün deyil. Onunla razılaşmamaq və mübahisə etmək əvəzinə, neytral mövqe tutmaq məqsədəuyğundur. Yalnız o öz düşüncələrinin düzgünlüyü barədə şübhələrini dilə gətirdiyi zaman onu dəstəkləmək olar.
Bəzən psixoz vəziyyətində olan xəstə uzun-uzadı söhbət edir və söhbətin bitməsini istəmir. Bu zaman siz ayağa durmalı və görüşün bitdiyini ona aydın şəkildə bildirməlisiniz.
Bilməlisiniz ki, özünüzdə və yaxınlarınızda xəstəlik əlamətləri müşahidə edərsinizsə, dərhal mütəxəssislərə müraciət etməlisiniz. Bu hətta kəskin vəziyyətlərdə belə, yaxşı nəticə verir. Xəstəliyin müalicəsi mümkündür, lakin bunun üçün müəyyən vaxt tələb olunur.
Müalicə üçün həkim məsləhəti olmadan psixoaktiv maddələrin qəbulundan uzaq olmaq lazımdır.