Depressiv pozuntu bütün yaş dövrlərində müşahidə oluna bilər. Bu daha çox 25-30 yaş arasında meydana çıxır. Davametmə müddəti bir neçə aydan bir neçə ilə qədər dəyişir. Müalicə olunmadıqda xroniki xəstəliyə çevrilir. Belə xəstələr ailəsinə və yaxınlarına mənfi təsir göstərir.
Psixoloqlar hesab edir ki, depressiya insanlarda olan anomaliyadır. Depressiv pozuntu xəstənin fiziki sağlamlığına da təsirsiz qalmır, bir çox xəstəliklərin gedişini ağırlaşdıra bilir. Məsələn, ürək-damar xəstəliyinin yaranma tezliyi yüksəlir. Onkoloji, endokrin, dəri-zöhrəvi, nevroloji və s. xəstəlikləri ağırlaşdırır. İzahı olmayan tibbi xarakterli şikayətlər - əzələ ağrıları, sinədə və beldə ağrılar, ümumi zəiflik, tez yorulma, baş ağrısı, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu depressiya ilə bağlı ola bilər. Lakin bunu da bilməlisiniz ki, depressiya xarakterdəki zəiflik və çatışmazlıq deyil, tibbi problemdir. Müalicə nəticəsində, bir qayda olaraq, sağalan xəstəlikdir. Təkrar başvermə riski də yüksəkdir. Xəstə və onun ailə üzvləri depressiyanın ilkin əlamətlərinə qarşı etinasızlıq göstərməməli və onun yaranması zamanı tibbi yardım üçün vaxtında həkimə müraciət olunmalıdır. Sağlam həyat tərzi depressiyalara imkan vermir. Bunun üçün:
• Fiziki hərəkətlərlə (gimnastika, aerobika, üzgüçülük, qaçış və s.) məşğul olmalı;
• Xoş təəssürat yaradan işlərə (əyləncələrin planlaşdırılması, xeyirxah insanlarla ünsiyyət, kitab oxumaq, filmlərə baxmaq) ayrılan vaxt artırılmalıdır.