F.Redinin işləri sonradan bir çox alimlər tərəfindən aparılan tədqiqatlar nəticəsində təsdiqlənməyə başladı. Fransız alimi L.Pasterin apardığı təcrübələr nəticəsində də məlum oldu ki, ət suyunun xarab olmasına səbəb kənardan gələn mikroorqanizmlərdir. Alim apardığı təcrübədə kolbalara qaynadılmış ət suyu yerləşdirmiş və sakit bir yerə qoymuşdur.
Şüşə kolbalara hava daxil olmuş, ancaq qablardakı bulyonda uzun müddət heç bir dəyişiklik görünməmişdir. Paster qablardan birini əyərək içərisindəki bulyonu S şəkilli borunun dirsəyinə toxundurub geri qaytarmışdır. Bu zaman dirsəkdə toplanmış bakteriyalar qabın içərisindəki ət suyuna daxil olmuş, bakteriyalar onu qıcqırdıb xarab etməyə başlamışdır. Deməli, bakteriyalar və sporları dirsəkdə yapışıb qalmış və bulyona daxil ola bilməmişdir. Ona görə də onlar dirsəkdən ət suyuna daxil olan kimi fəaliyyətə başlamışdır.
Bu təcrübə ilə Lui Paster müasir dövrdə cansızlardan canlıların yarana bilmədiyini sübut etdi. Belə bir mübahisəli məsələni həll etdiyinə görə alim Paris Elmlər Akademiyasının təsis etdiyi mükafata layiq görüldü. Onun apardığı işlərin praktik əhəmiyyəti çox böyükdür. Hazırda aparılan dezinfeksiya və sterilizasiya işləri buna əsaslanır.