Bütün dövr ərzində aparıcı rol oynayan əşya fəaliyyətinə keçid həyata keçirilir. Uşağın əsas maraqları əşyalarla yeni hərəkətlərin mənimsənilməsi sahəsinə keçir. Böyüklər onun üçün müəllim, əməkdaş və köməkçi rolunu oynamağa başlayır. Əşyaların (məsələn, şkaf və ya qaşıq) bu və ya digər formada nə üçün istifadə olunduğunu uşağa yalnız böyüklər açıqlaya bilər. Əks təqdirdə uşaq əşyaları ancaq mənasızca oynadacaq (qaşığı döşəməyə vura, şkafın qapısını dəfələrlə aça və bağlaya bilər).
Həyatının 2-3-cü ilində uşaqda ən sadə estetik hislər, idrak emosiyaları inkişaf edir. Bir yaşlı uşağa xas olan təəccüb hissi hər şeyi öyrənmək həvəsi ilə əvəz olunur.
Üç yaşa çatanda uşaqlar dərhal böyümək istəklərini həyata keçirməyə çalışırlar. Bu istək müstəqilliyə can atmağın formalaşmasında, öz istəklərinin böyüklərin istəkləri ilə müqayisə olunmasında özünü daha aydın göstərir. Beləliklə, “üç yaş böhranı” yaranır. Bu zaman uşaqlar həddən artıq qayğıya qarşı çıxır, öz müstəqilliyini nümayiş etdirir, tez-tez qadağan olunanlara etiraz edir. “Üç yaş böhranı” keçici bir haldır. Lakin bununla bağlı dəyişikliklər - psixi inkişafda uşağın şəxsiyyətinin gələcəkdə formalaşması üçün zəmin yaradan mühüm bir addımdır.
Uşaq psixikasının inkişafının üçüncü mərhələsi. Bu mərhələdə (3 yaşdan 12 yaşa qədər) əvvəlcədən inkişaf etmiş emosiyalar daha dərin və sabit olur. Uşaqda idrak emosiyalarının elementləri əmələ gəlməyə başlayır, ali mənəvi emosiyalar - həssaslıq, qayğıkeşlik, dostluq, borc hisləri və s. formalaşır.
Emosional sahənin mürəkkəbləşməsi ilə yanaşı, uşaqda digər psixi funksiyalar - qavrama, duyğular, yaddaş və diqqət, iradə inkişaf edir. Artıq ikinci və üçüncü inkişaf mərhələlərində uşağın təfəkkür fəaliyyətinin əsasları qoyulur: sadə, daha sonra isə mürəkkəb anlayışlar və fikirlər formalaşır.
Bu, şəxsiyyətin inkişafında çox vacib bir dövrdür. Çünki uşağın məktəbə getdiyi dövrə təsadüf edir. Həmin vaxt uşaqda öyrənmək qabiliyyətini əmələ gətirən keyfiyyətlər kompleksi formalaşmalıdır. Bu keyfiyyətlərə tədris vəzifələrinin, onların praktiki vəzifələrdən fərqinin başa düşülməsi; hərəkətlərin icrası üsullarının dərk edilməsi; özünüidarəetmə və özünüqiymətləndirmə bacarıqları aiddir.
Psixikanın inkişafının dördüncü mərhələsi (12 yaşdan sonra) uşağın əsas təfəkkür fəaliyyətinin formalaşması ilə səciyyələnir. O, müstəqil fikir və hərəkətlərinin məntiqi planını qura, nəticələr çıxara və onları təhlil edə bilir. Bu mərhələdə ən ali insan emosiyaları - idrak emosiyaları, estetik, mənəvi emosiyalar tam formalaşır.