Uşağın inkişafının ilk həftələrində və aylarında onun psixikasının əsas xüsusiyyəti yeni təcrübələrin qavranılması, insana xas olan davranış formalarının yaranması üçün sonsuz imkanların olmasıdır. Əgər fizioloji tələbatlar kifayət qədər ödənilirsə, onlar tezliklə öz aparıcı əhəmiyyətini itirir, düzgün rejim və tərbiyə olduqda yeni tələbatlar - təəssüratların alınması, bəzi hərəkətlər, böyüklərlə ünsiyyət formalaşır.
3-4 aydan sonra uşağın davranışı, əsasən, oyun xarakteri daşımağa başlayır. Əlləri və ayaqları oynadan zaman uşaqda ilk emosiyalar özünü büruzə verir.
Hərəkət funksiyalarının təkmilləşməsinə paralel olaraq uşağın emosional inkişafı gedir. Uşağın həyatının ilk günlərindən onda xoş olmayan təsirlərə (bağırsağın həddən artıq dolması, aclıq, ətraf mühitin temperaturunun düşməsi və s.) cavab olaraq mənfi emosiyalar özünü büruzə verir. Bu onu göstərir ki, uşağın həyatının ən erkən mərhələlərində onun emosiyaları şərtsiz-reflektor təbiətə malikdir. Lakin körpənin həyatının 2-3-cü ayından etibarən onun bəzi emosiyaları şərti-reflektor xarakter daşımağa başlayır. Belə ki, ananın səsi və yaxınlaşması, tanış qida şüşəsini görməsi uşaqda müsbət emosional reaksiya yaradır. Eksperimental olaraq sübut edilib ki, əgər uşağa qulluq iki ayrı-ayrı: biri onun bioloji tələbatlarını ödəyən, (yedizdirən, çimizdirən və s.), digəri isə onunla emosional ünsiyyətdə olan (onunla danışması, gülməsi və s.) insan arasında bölünərsə, uşaq məhz ikincisinə, yəni onun emosional tələbatını ödəyənə bağlanacaqdır.
Getdikcə uşaqda “canlanma kompleksi”, yəni böyüyə yönləndirən ümumi emosional hərəkət reaksiyası əmələ gəlir. Bu yenidoğulma və körpəlik arasında sərhəddir, çünki bu, ilkin sosial tələbatın özünü büruzə verməsidir.
İlk təbəssüm və ya müsbət emosiyanın özünü göstərməsi uşağın həyatının 2-ci ayında müşahidə oluna bilər. 9-10 aylıq olanda uşaq ona tanış olmayan yeni hadisəyə reaksiya olaraq təəccüb hissini büruzə verməyə başlayır. Bu onun ətraf mühiti dərk etməyə başladığının, yaddaşının inkişaf etdiyinin göstəricisidir.
Uşaq psixikasının inkişafının ikinci mərhələsi. Psixikanın bu inkişaf mərhələsində (1 yaşdan 3 yaşa qədər) uşağın hərəkət reaksiyaları mürəkkəbləşir və şüurlu hərəkət aktlarının formalaşması üçün
zəmin yaradır. Bu mərhələnin başlaması uşağın bədəninin üfüqi vəziyyətdən şaquliyə keçməsi ilə (o, müstəqil şəkildə durmağa və yeriməyə başlayır) səciyyələnir. Yerimə uşağın ətraf mühit barədə aldığı məlumatın artmasına səbəb olur.
Bu mərhələdə ən mühüm rolu nitqə yiyələnmə oynayır. Nitqin əmələ gəlməsi digər psixi funksiyaların - idrak fəaliyyətinin, emosional sahənin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.